Tarix : 2017 Nov 26
Kod 53547

Jurnalist: “Açıq deyirdi ki, bizimlə razılaşıb, verəcəyin ifadələrdən sonra nazirimin bir neçə adamla “razborkası” olacaq”

Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror mərkəzinin sabiq rəisi general Elçin Quliyev sonuncu məhkəmə prosesində rezonansa səbəb olan etirafda bulunub
Arannews_General vaxtilə onun idarəsi tərəfindən həbs edilmiş və bu yaxınlarda bəraət alan Mətləb Mustafayev barəsində danışarkən bildirib ki, bu həbsi nazir Eldar Mahmudov ona sifariş edib: “Özü prokurorluqla razılaşıb. Mən də onun evinə silah qoyub, həbs etmişəm”.
MTN-nin Anti-terror Mərkəzinin vaxtilə şərlədiyi şəxslərdən biri də Gununsesi.info saytının rəhbəri Pərviz Həşimlidir.
Qeyd edək ki, həmkarımızın həbsinin ilk günlərindən ona qarşı ittihamların saxta və qurama olmasını yerli və beynəlxalq qurumlar bəyan edib.
Nüfuzlu Amnesty İnternational təşklatı onu vicdan məhbusu elan edib.
Məhkəmə prosesində Pərviz Həşimlinin günahsızlığı üzə çıxsa da ancaq ona 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bəs Pərviz Həşimli Elçin Quliyevin onunla bağlı da belə bir etirafda bulunmasını gözləyirmi?
“Yeni Müsavat”a açıqlamasında Pərviz Həşimli həbsinin ilk aylarında Elçin Quliyevlə hər gün söhbət etdiyini deyib: “İlk kabinetinə daxil olarkən, “gördün, torbanı necə tikdim” deyə bildirmişdi. O, mənə açıq deyirdi ki, bizimlə razılaşıb, verəcəyin ifadələrdən sonra nazirimin bir neçə adamla “razborkası” olacaq. Məni inandırmağa çalışırdı ki, onlar istəməyincə heç zaman azadlığa çıxa bilməyəcəm. Hələ istintaq dönəmində Elçin Quliyev mənə bildirdi ki, səni Qaradağın daş karxanalarının tozunda boğub, istisində yandıracam. Mən İlqar Əliyevə də ona da dedim ki, bir gün qanun qarşısında cavab verəcəksiniz. Bu zaman oturduğu kreslodan durub, yanıma gəldi və əlini kürəyimə qoyub “Bu ölkədə həbs edən də, azad edən də bizik” deyə bildirdi”.
Pərviz Həşimli deyir ki, Elçin Quliyev və digər şəxslər Eldar Mahmudovun tamahkar maraqlarının qurbanıdır: “Bu adamlar Eldar Mahmudova arxayın olub, özlərini cəzasızlıq mühitində hiss ediblər. Bu gün isə onlar qurban gedir. Əsl məsuliyyət sahibi Eldar Mahmudovdur. Mən Eldar Mahmudovu qudası Cahangir Hacıyevdən ibrət götürməyə çağırıram. O, məhkəməsində Beynəlxalq Bankın həbs edilən işçilərini və digər şəxsləri göstərərək, demişdi ki, bunları buraxın, bütün cəzaları mənə kəsin. Eldar Mahmudov da bunu etməli idi”.
Sevinc, musavat.com


  • Yazılıb
  • da (də) 2017 Nov 26
  • Göndərən مدير سايت Aran News