Arannews:Rakurs.tv-istinadən xəbər:Məlumatda S.Dadaşbəylinin şikayətinin mahiyyətindən də söz açılır. Bildirilir ki, o, bir neçə tanışı ilə birgə 2007-ci ilin avqustunda Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı ilə saxlanıb. (2015-ci ildə nazirlik ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb) Barələrində məhkəməyəqədər həbs tədbiri seçilən S.Dadaşbəyli və digərlərinə qarşı Cinayət Məcəlləsinin 7-dən artıq maddəsi ilə ittiham irəli sürülüb. Onları Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq), 204-cü (Saxta pul hazırlama), 218-ci (Cinayətkar birlik yaratma), 228-ci (Qanunsuz silah saxlama) maddələri ilə ittiham ediblər. Bundan başqa, onlara qarşı məcəllənin 234-cü (Qanunsuz narkotik vasitələr saxlama), 274-cü (Dövlətə xəyanət) və 278-ci (Hakimiyyəti zorla ələ keçirmə) maddələri ilə də ittiham irəli sürülüb.
İstintaq hesab edib ki, S.Dadaşbəyli və onunla tutulanlar İran kəşfiyyatı ilə əlaqədə olublar. İddialara görə, onlar Bakıda ABŞ, Böyük Britaniya, İsrail vətəndaşlarına qarşı hücumlar, Bakı-Tiflis-Ceyhan neft kəmərində partlayış törətmək istəyiblər.
Məhkəmə ittihamları olduğu kimi təsdiqləyib. 2007-ci ilin dekabrında S.Dadaşbəyli 14 il müddətinə azadlıqdan məhrum edilib. 2008-ci ilin fevralında Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. İttihamları qəbul etməyən S.Dadaşbəyli kassasiya şikayəti də verib.
S.Dadaşbəylini AİHM-də alman vəkillər təmsil edir. Onlar iddia edirlər ki, S.Dadaşbəylinin özü seçdiyi vəkillə təmsil olunmaq hüququ pozulub. Habelə, məhkəmə prosesinin açıqlığı təmin olunmayıb. Məhkəmədən pozuntuların tanınması və kompensasiya edilməsi istənilir.
Avropa İnsan Hüquqları Məhkəməsi hökumətə iddia olunan pozuntularla bağlı suallar göndərib.
Həmçinin, Azərbaycan hökumətindən S.Dadaşbəylinin işi ilə bağlı bütün zəruri sənədlərin surətlərinin AİHM-ə təqdim edilməsi istənilir.
S.Dadaşbəyli Fərid Ağayev, Ceyhun Əliyev, Rəşad Əliyev, Mikayıl İdrisov, Cahangir Kərimov, Rasim Kərimov, Samir Qocayev, Bəybala Quliyev və Emil Möhbalıyev ilə birgə 2007-ci ilin yanvarında həbs edilib.
Onlar dövlət çevrilişi, terrorçuluq, qanunsuz silah və narkotik maddə saxlama cinayətlərində ittiham olunaraq, 12 ildən 14 ilə qədər azadlıqdan məhrum ediliblər.
2018-ci il yanvarın 13-də onların məhkumluq həyatının 11 ili tamam olacaq.
Azərbaycanın yerli hüquq-müdafiə təşkilatları onları «siyasi məhbus» kimi tanıyıb.