İslamınSəsi Trend-ə istinadən xəbər verir ki, hazırda Ə.Ağaminin barəsində çıxarılan hökmündən şikayət hazırlanır. Şikayət yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunacaq.
Xatırladaq ki, Sabunçu rayon Məhkəməsinin hökmü ilə Əli Ağami isə cəzasının 4 ilini qapalı həbsxanada çəkməklə, 19 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə təqsirləndirilən digər şəxslər - kriminal avtoritet Tahir Məlikov, "Maqa Hacıqabullu" ləqəbli Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hökm elan olunan iş üzrə E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunublar. Noyabrın 2-də hüquq-mühafizə orqanları əməkdaşları E.Məmədovun tutulması ilə bağlı əməliyyat keçirərkən o polis əməkdaşlarına atəş açıb, əməliyyat nəticəsində E.Məmmədov öldürülüb.
Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.