İnformasiyanın sürətinin durmadan artdığı bu dövrdə insanları inandırmaq çox asanlaşıb.
Arannews-Əslində informasiyanın azadlığı və sürəti çoxaldıqca, elə düşünülürdü ki, insanları inandırmaq çətinləşəcək, çünki kimsə asanlıqla əksər məlumatların doğru və yə yanlış olmasını yoxlaya biləcək. Amma elə olmadı. Adamlar adətən adicə “google-lamağa” tənbəllik eləyirlər və xoşlarına gələn, ideologiyalarına müvafiq olan, bir sözlə, maddi və ya mənəvi cəhətdən özlərinə sərf edən informasiyaya sübutsuz, araşdırmasız inanırlar.
İŞİD-in adam yandırma, baş kəsmə videoları böyük səs-küy qoparanda bir nəfər yazmışdı ki, Hitlerin elədikləri bundan müqayisəyəgəlməz dərəcədə çox idi, amma İŞİD-in təqdimatı daha güclüdür. Camaat müasir effektlərlə “silahlanmış” təqdimatlara baxır və elə bilir ki, dünyanın sonudur. Ən güvənli sayılan şəhərlərdə böyük terrorlar olur, aclıq davam edir, diktatorların öhdəsindən gəlmək olmur, vətəndaş müharibələri... hər gün oxuduğumuz xəbərlərdir.
Nəticədə ümidsizləşən insanlar öz ümidsizliklərinə, anti-liberal, anti-demokrat adamlar isə öz ideologiyalarına dayaq axtararaq, inanırlar ki, liberal dünyanın, demokratiyanın qürub çağıdır. Demokratiya artıq dünyanı fəth etmə işini davam etdirə bilmir, missiyasını bitirməmiş tarix səhnəsini tərk edir. Son zamanlar elə demokratik üsullarla demokratiyaya məhz Qərbdə vurulan zərbələr də bu fikri gücləndirir – Brexit, Tramp, Ərdoğan, Polşa, Macarıstan və s. Bəs əslində necədir?
“The Washington Post” bir araşdırma dərc edib. Seçki Demokratiyasının Leksik İndeksi (Lexical İndex of Electoral Democracy) göstərir ki, 2016-cı ildə dünya ölkələrinin 68 faizində (bu ölkələrdə dünya əhalisinin 62,2 faizi yaşayır) hakimiyyət əsasən seçkilərlə formalaşır. 2006-cı ildə isə ölkələrin 62 faizi bu xüsusiyyətə malik idi. Yəni 10 il ərzində 6 faizlik artım olub.
İndeksə görə Venesueladan başqa heç bir seçki demokratiyasına malik ölkə demokratiyadan imtina edərək geri çəkilməyib.
Bəs seçkilərlə demokratiya formalaşdırılırmı? Demokratiya və Seçki Yardımı üzrə Beynəlxalq İnstitut (DSYBİ) (“the International Institute for Democracy and Electoral Assistance” (IIDEA)) Demokratiyanın Qlobal Vəziyyəti İndeksləri (“Global State of Democracy (GSoD) Indices”) adlı sənəd yayıb. IIDEA-nun demokratiya anlayışına geniş yanaşması 2 prinsipə əsaslanır:
1. İctimai qərar qəbuletmə və qərar qəbuledicilər üzərində xalq nəzarəti;
2. Bu nəzarəti həyata keçirənlər arasında siyasi bərabərlik.
Bu prinsiplər özləri 5 demokratik atributa malikdirlər: nümayəndəli hakimiyyət, fundamental hüquqlar, hakimiyyət üzərində nəzarət, qərəzsiz inzibati idarəçilik, iştirakçı öhdəlik. Bütün bunlar 14 məlumat mənbəyindən alınan 98 təcrübi göstəricidən istifadə edilərək, müəyyənləşdirilib. Nəticədə aşağıdakı göstəricilər meydana çıxıb:
Bu araşdırma yalnız seçkili hakimiyyətlərin artmasını yox, həm də seçkilərin keyfiyyətinin artmasını, daha az fırıldaq, manipulyasiya, qanunsuzluq olduğunu üzə çıxarıb. Fundamental hüquqların təmin olunmasının ölçü vahidi kimi insanların öz siyasi azadlıqlarını icra edə bilmələri götürülür. Ümumi olaraq, fundamental hüquqlara get-gedə daha çox hörmət olunub, baxmayaraq ki, ölkələr arasında fərqlər çoxdur. Belə ki, Monqolustan, Seneqal, Uruqvayda və son dövrlərdə Qambiya və Nigeriyada insanların hüquqları genişlənsə də, Polşa və Macarıstanda məhdudlaşıb. 1980-ci illərdən bəri isə get-gedə daha çox insan ədalətə, sivil azadlıqlara, sosial hüquqlara və bərabərliyə çatımlığı olan yerdə yaşayır.
WP-dakı yazıda IIDEA-nun işçisi Melida Jimenez İnstitutun araşdırmasını bir az da geniş formada təqdim edir və bildirir ki, 1975-ci ildən bəri demokratiyanın yuxarıda sadalanan 5 atributundan 4-ü üzrə inkişaf qeydə alınıb. Sonuncu dekadada isə göstəricilərin dəyişimi əsasən stabildir, geriləmə yoxdur.
Demokratiya, liberalizm, insan hüquq və azadlıqlarına hörmət dünyada ən geniş yayılmış, hamının can atdığı və ya can atma imitasiyasını göstərdiyi dəyərlərdir. Sürət az ola və ayrı-ayrı ölkələrdəki geriləmələrlə müşayiət oluna bilər, amma hər bir halda inkişaf var, get-gedə daha çox ölkə demokratik olur, daha çox insan demokratik, insan hüquq və azadlıqlarına hörmət olunan mühitdə yaşayır. Gündəlik xəbərlərin qaramatlığı fonunda, eləcə də sosial şəbəkələrdən sui-istifadə nəticəsində yayılan dezinformasiya və ya birtərəfli informasiya nəticəsində depressiyaya düşmək lazım deyil. Həqiqəti bəzən görməyə bilərik, amma həqiqət budur ki, inkişaf var, bir gün o inkişaf bizə də çatacaq (və ya çatdıracağıq), əvvəl-axır demokratiya, insan hüquq və azadlıqları kimi proqressiv institutlar bütün dünyanı fəth edəcək.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.