Tarix : 2017 Nov 29
Kod 53569

Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi: Azərbaycan dövlətinin İslamı müdafiə üçün hərəkət edən müsəlmanlarla işi olmasın

Təbrizin imam cüməsi və Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Nardaran şəhidlərinin ikinci ildönümü münasibətilə keçirilən anım mərasimi çərçivəsində jurnalistlərə verdiyi müsahibəsində deyib: Azərbaycan dövlətinə tövsiyə edirəm ki, İslamı müdafiə məqsədilə hərəkət edən şiə müsəlmanlarla işi olmasın.

AranNews - Nardaran şəhidlərinin ikinci ildönümü münasibətilə keçirilən möhtəşəm anım mərasimi çərçivəsində Televiziya və Radio Şirkətinin Şərqi Azərbaycan bölməsinə və Səhər Azəri kanalına müsahibə verən höccətül-islam vəl-müslimin doktor Ali-Haşim deyib: “Hər kəs İslam dini uğrunda fədakarlıq etsə, İslamı müdafiə etsə və bu yolda öldürülsə, şəhiddir. Onun İranda, Azərbaycanda, Livanda, Suriyada, İraqda, yaxud digər ölkələrdə olmasının fərqi yoxdur. Nardaranda İslam uğrunda və günahsız olaraq öldürülən şəhidlərimiz şəhiddirlər. Ümidvarıq ki, Azərbaycan dövləti öz müsəlmanlarının istəklərinə xüsusi diqqət ayıracaq. Hər halda bu şəhidlər İslamın güclənməsinə səbəb olur və biz də onları müsəlman olduqları üçün müdafiə edirik. Biz burada İraq, Bəhreyn, Livan və digər ölkələrin şəhidləri üçün məclis təşkil edirik. Elə ona görə də Təbriz, Ərdəbil və Qum şəhərlərində Nardaran şəhidlərinin xatirəsinin uca tutulması üçün məclis təşkil olunur və gördüyünüz kimi əhali də onların mərasimlərində necə möhtəşəm iştirak edirlər”.
Təbrizin imam cüməsi və Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi açıqlamasının digər hissəsində xatırladıb: “Yenə də Azərbaycan dövlətinə tövsiyə edirəm ki, İslamı müdafiə məqsədilə hərəkət edən müsəlmanlarla işi olmasın. Mən bilirəm ki, (başqaları) imkan vermir. Çünki Azərbaycan dövləti də müsəlmandır, amma İsrail qoymur. Gördünüz ki, işiniz olmadı və Ərbəin günlərində Azərbaycandan minlərlə insan İran yolu ilə Kərbəlaya getdi. Əgər sizin müsəlmanlarla işiniz olmasa, onların da sizinlə bir işi olmaz. Amma başqalarının və İsrailin təhriki ilə müsəlmanlara əzab-əziyyət versəniz, onlar da buna qarşı sakit qalmazlar. Onlar İslamın hökmlərinin icrasından başqa bir şey istəmirlər”.


  • Yazılıb
  • da (də) 2017 Nov 29
  • Göndərən مدير سايت Aran News