Arannews:nur-az.com:istinadən xəbər-«Müsəlman Birliyi» Hərəkatının daha bir üzvü Emin Əliyev həbs olunub.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, E.Əliyev noyabrın 26-da saat 13:00 radələrində Nardaranda saxlanılıb. Həmin gün o, 26 noyabr 2015-ci ildə polis əməliyyatı zamanı öldürülən dörd nəfər yerli sakinin məzarını ziyarət etməyə gedib.
«Emin Əliyevi məzarların yaxınlığında qurulmuş postda saxlayıblar. Oradan onu Sabunçu rayonu, 42-ci polis bölməsinə aparıblar», – dindar fəalın ailə üzvləri bildirib.
Daha sonra E.Əliyev haqqında inzibati xəta protokolu tərtib olunub. O, ictimai asayişi pozma və onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda günahlandırılaraq, noyabrın 27-də məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib. Onun hazırda Binəqədidə inzibati qaydada həbs olunanlar üçün nəzərdə tutulmuş təcridxanada saxlandığı bildirilir.
Bu deyilənlərlə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.