Ali Məhkəmədə "NİDA” vətəndaş hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın şikayətinə baxılıb.
Arannews-APA-nın məlumatına görə, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü maddəni 234.1-ci maddəyə tövsif edib, cəzası üç ilə endirilib. Elgiz Qəhrəman 2016-ci il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3,315 qram heroin tapıldığı iddia olunur.
NİDA üzvü yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Mayın 18-də Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.