Arannews:meydan.tv-istinadən xəbər:Hakim Hafiz Nəsibovun sədrlik etdiyi iclasda Elgiz Qəhrəmanın vəkili Fariz Namazlı çıxış edərək, ittihamın saxta olduğunu bildirib. Vəkil deyib ki, cinayət işinin istintaqında xeyli qanun pozuntularına yol verilib, lakin məhkəmələr həmin pozuntulara qiymət verməyib:“Lap tutaq ki,onun üzərindən narkotik tapılıb, hərçənd, belə olmayıb. Niyə satış ittihamı verilib? Hardan müəyyənləşdirilib ki, bu adam o narkotiki satacaqdı?”
Fariz Namazlı Elgiz Qəhrəman haqqında hökmün ləğvini, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.
Dövlət ittihamçısı isə kassasiya şikayətinin əsassız olduğunu deyib və Bakı Apelyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.
Müşavirədən sonra hakim qərarı elan edib. Qərara görə, Elgiz Qəhrəmanın ittiham olunduğu 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddə 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edilib. Onun cəzası 3 ilə endirilib.
E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəalı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.
NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb.
E.Qəhrəman ittihamı qəbul etmir.