Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.
Arannews:rakurs.tv-istinadən xəbər:Məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verən S.Verdizadə yazı dərc olunandan sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib: “Mütəmadi olaraq, müqavilə əsasında çalışdığım yeganə yer “Qafqazinfo” saytıdır. Noyabrın 26-da ”Əsa ilə gəzən icra başcısı, işsiz gənclər”adlı yazı yazmışam və dünən səhər saatlarından başlayaraq Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək mənə hədə-qorxu gəlir.
səhər isə Ə. Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyəsinə enmədim, nəzərinə çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.
Jurnalist hadisə ilə bağlı həmkarlarından kömək istəyib:
“Hesab edirəm ki, həmkarlarım, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası bu çirkin hadisəyə öz etirazını bildirməlidir. Yazıya görə jurnalisti söymək ənənəsi orta əsrlərdə qalıb, indi 21-ci əsrdir. Mən 20 ilə yaxındır ki, jurnalist işləyirəm, həmişə də tənqidçi mövqe tutmuşam. Dəfələrlə təzyiqlərə məruz qalmışam, amma ilk dəfədir ki, ailə üzvlərim, qohumlarım, dostlarım hədəfə götürülüb. Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz”.