Tarix : 2008 Jun 20
Kod 5360

ERMƏNİSTANDA ETİRAZ AKSİYASI

Rusiya daxili işlər nazirinin İrəvanda keçirəcəyi görüşlərlə eyni vaxtda Ermənistan müxalifəti paytaxtın mərkəzində geniş mitinq keçirmək niyyətindədir
Armenia Servisi/Aran Agentliyi
Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyevin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib. Erməni saytlarının yaydığı məlumata görə, səfərdə məqsəd bu gün Ermənistan polisi ilə Rusiya Daxili İşlər Nazirliyi arasında keçiriləcək birgə iclasda iştirak etməkdir. Hələlik səfərlə bağlı əlavə məlumat verilmir.

Rusiya daxili işlər nazirinin İrəvanda keçirəcəyi görüşlərlə eyni vaxtda Ermənistan müxalifəti paytaxtın mərkəzində geniş mitinq keçirmək niyyətindədir. Artıq Ermənistan ümumxalq hərəkatı meriyanın ayırdığı Razdan stadionunda deyil, Azadlıq meydanı yaxınlığında yerləşən Milli Elmlər Akademiyasının binası qarşısında etiraz aksiyası keçiriləcəyini bəyan edib. Müxalifət liderləri bildirib ki, iqtidar iyunun 20-də Azadlıq meydanında uşaqların tədbirini təşkil etdiyindən və hakimiyyətdən fərqli olaraq müxalifətin mənəviyyatı olduğundan etirazçılar bu əraziyə getməyəcəklər.

Müxalifət öz tərəfdarlarını saat 18:00-da Elmlər Akademiyasının binası qarşısına toplaşmağa çağırıb. Ermənistan polisi isə müxalifətin icazəsiz mitinqinin baş tutmasına imkan verməcəyəni bəyan edib. Ermənistan polisinin rəis müavini Armen Yeritsyan bildirib ki, meriya Razdan stadionunda aksiya keçirməyə icazə verib, digər yerdə keçirilən istənilən aksiya qanunsuz sayılacaq və adekvat tədbirlər görüləcək. Onun sözlərinə görə, polisdə müxalifətin İrəvanın mərkəzində kütləvi iğtişaşlar törədəcəyi barədə məlumatlar var.

Xatırladaq ki, bu günlərdə toplantısı keçiriləcək Avropa Şurası Parlament Assambleyası Ermənistan hökumətindən mitinqlərin keçirilməsinə məhdudiyyətlərin ləğvini, müxalifətlə dialoqun yaradılmasını, siyasi məhbusların azadlığa buraxılmasını, 1-2 mart hadisələrinin şəffaf araşdırılmasını tələb edir. Bu şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə Ermənistanın qurumda səsvermə hüququ ləğv edilə bilər.
 
  • Yazılıb
  • da (də) 2008 Jun 20