Arannews-Filmdə Muxtar öldürüldükdən sonra İbrahimin başına nələr gəldiyi göstərilmir. Bu barədə məlumatınız vardırmı?Cavab: Mərhum Seyid Möhsin Əmin yazır ki, İbrahim şücaətli, mərd, cəsur və idarəçi birisi idi. Onun ali və uca təbiəti vardı, həqiqət tərəfdarı idi. O, Əhli-Beyt havadarı və sevəni idi. Atası kimi ali imtiyazlara malik idi”, (Bax: “Əyanuş-Şiə”, c.2, s.200)
İbrahim Əştər Şam və İraq sərhədində əldə etdiyi böyük fəthdən, Übeydullahı və Şam qoşununu yerlə-yeksan etdikdən sonra Muxtarın göstərişi ilə İraqın şimal-qərbi əyalətində tam ixtiyarlı vali kimi qaldı. Musəb ibn Zübeyr və Muxtar arasında baş verən döyüş əsnasında da orada idi. Döyüş səhnəsində deyildi.
Əlbəttə, əldə mötəbər dəlil yoxdur ki, Muxtar ondan kömək istəmiş və o da nöqsan işlətmişdir. Muxtar ona Musəblə döyüşmək əmri verməmişdi. Ola bilər ki, buna dəlil Mösul məntəqəsinin əhəmiyyəti idi. Belə ki, Muxtar İbrahimin oradan çıxmasını istəmirdi. (“Mahiyəte-qiyame-Muxtar”, s.645)
Musəb Muxtarı devirdikdən sonra İbrahimin nüfuz sahibi olduğunu bildiyinə görə qərara gəldi ki, onu özü ilə yanaşı etsin və İbrahimə vədə verdi ki, əgər İbn Zübeyrin hökümətini qəbul etsə, İraqın bütün şimalı onun fərmanında olacaqdır. Ona görə də ona məktub yazdı və İbrahimi özünə sarı dəvət etdi.
Həmin zaman Əməvi xəlifəsi Əbdülməlik Mərvan da ona bir namə yazdı və onu özünə sarı dəvət etdi. Ona İraq hökümətini vəd etdi.
İbrahim çaşqın vəziyyətdə qalmışdı ki, nə etsin. Bu səbəbdən iki məktubun əhvalatını öz tərəfdarları ilə ortaya qoydu.
Nəticə etibarilə, İbrahim belə təqdim etdi ki, əgər İbn Ziyad və Şam başçılarını öldürməmiş olsaydım, Əbdülməliklə razılaşa bilərdim. Ancaq bu işi artıq görmüşəm və istəmirəm ki, Şam xalqını öz camaatıma tərcih edim. Ona görə də Musəbə qoşuldu. (“Əl-Kamil fit-tarix”, c.4, s.275)
Şeyx Abbas Qummi yazır ki, Musəb qardaşı Abdullah ibn Zubeyr tərəfindən Muxtarı dəf etməyə məmur olduqda Kufəyə gəldi və Muxtarı öldürdü, Kufəyə yiyələndi. Həmişə qüvvə toplamaq həddində idi, ta ki 72-ci ildə öz qoşununu yığdı və Əbdülməlik Mərvan ilə döyüşmək niyyətilə Şama yola düşdü.
Əbdülməlik də böyük bir qoşunla onunla döyüşməyə gəldi və Samərraya yaxın bir ərazidə onlar arasında böyük bir döyüş baş verdi.
İbrahim Əştər Musəbin qoşununda idi. Həmin döyüşdə öldürüldü. Onun başını Sabit ibn Zeyd kəsdi və bədənini Əbdülməlikin yanına apardılar. Sabit odun toplayıb
İbrahimin bədənini yandırdı.
Musəb də öldürüldü və başı bədənindən ayrıldı.
İbrahimin dəfn olunduğu yer indi də Samərra yolunda məskən ərazisində məşhurdur. (Ətraflı: “Vəqayiul-Əyyam”, s.369)
Hazırladı: Fərid Abdulla