Tarix : 2017 Dec 04
Kod 53630

İsa Qəmbər: Qələbəmin şahidlərindən biri də Zərdüşt Əlizadədir

“Deyəsən, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) bir sıra təşkilatların və ekspertlərin iştirakı ilə keçən 21 noyabr seçki tədbiri və bütövlükdə Müsavat Partiyasının seçkiyə yönəlik fəaliyyəti bir çoxunu narahat edib”.

Arannews:meydan.tv-istinadən xəbər:Bu sözləri MSDM rəhbəri İsa Qəmbər siyasi şərhçi Zərdüşt Əlizadənin Meydan TV-də dəsr olunmuş “Yenə boyat bayatılar” adlı yazısınacavab olaraq deyib.

Zərdüşt Əlizadə yazısında MSDM tərəfindən təşkil olunan tədbiri tənqid edib, İsa Qəmbəri və digər tədbir iştirakçılarını yeni fikirlərinin, strategiyalarının olmamasına görə qınayıb. “Facebook” hesabından Zərdüşt Əlizadəyə cavab verən İsa Qəmbər yazır:

“Hakimiyyəti və hakimiyyətin açıq tərəfdarlarını başa düşmək olar, rejim ölkəmizdə seçki institutunu məhv edib, cəmiyyəti seçkiyə laqeydləşdirib və bizim seçki mövzusunu aktuallaşdırmaq, istimai-siyasi qurumları 2018 seçkilərinə mövqe bildirməyə cəlb etmək, demokratik düşərgəni toparlamaq, beynəlxalq birlikdən öz prinsiplərinə uyğun mövqe tələb etmək cəhdlərimiz onları narahat etməyə bilməz.

Narahat olub susanları da başa düşmək olar. Deməyə sözləri olanda danışacaqlar.

Bəs özünü müstəqil demokrat sayanlara nə olub?

Məsələn guya müstəqil analitik - hörmətli Zərdüşt Əlizadə cənabları yenə qərəzli və paslı söz qılıncını qınından çıxarıb bizə özünün ənənəvi uslubunda – yalan, böhtan, təhqir və s. hücuma keçib. Z.Əlizadə bizim və tədbirdəki natiqlərin tam əksəriyyətinin seçkilərdə iştirak mövqeyinə üstünlük verməyimizi “hakimiyyətin seçki tamaşasına legitimlik donu geyindirmək” cəhdi kimi qiymətləndirir. Bu yalanı başqaları desə cavab verərik, amma Z.Əlizadə bu yalanına cavabı haqq etmir. Çünki Z.Əlizadə biz seçkiləri boykot edəndə də bizi hakimiyyətə xidmət etməkdə ittiham edirdi”.

İsa Qəmbər daha sonra yazır:

“Yalançının yaddaşı olmaz, nə zaman hansı yalanı dediklərini unudurlar.1993 seçkilərində Heydər Əliyevi, 1998-də Etibar Məmmədovu , 2003- də İlyas İsmayılovu müdafiə edən bu cənab (siyasi diapazonun genişliyinə diqqət edin, yəni əslində kim olur olsun, təki Əbülfəz Elçibəy və İsa Qəmbər olmasın; bəlkə də problem diapazonda deyil, müxtəlif illərdə müxtəlif tapşırığın verilməsindədir) bizim istənilən mövqeyimizə, qərarımıza qarşı şablon ittihamlarla çıxış etməyə mükəlləfdir.

Z.Əlizadə yazısında mənim “Müxalifət 2003-cü ildə seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi” fikrimə etiraz edir və etirazını uzun-uzadı və dolaşıq şəkildə izah etməyə çalışır. Amma əslində öz izahları ilə mənim fikrimi təsdiq etmiş olur. Həvəsi və vaxtı olanlar özləri oxuyub dəyərləndirə bilərlər.

Z.Əlizadə iddia edir ki, guya nə vaxtsa mən öz seçki qələbəmi sübut etmək üçün “sənədlərim yoxdur” demişəm. Bilmirəm, bu cənab bu sözləri uydurub, yoxsa mənim hansısa müsahibəmdən kontekstdən çıxarılmış halda təqdim edir. Amma ciddi səhv edir. Sənəd də var, şahid də. Gənclər demişkən, uzağa getməyək, götürək elə Yaponiyanı. Bizim üçün Yaponiya rolunu bu halda Zərdüşt Əlizadə cənabları özü oynayacaq. Yenə də yalançının yaddaşı olmaz, görəcəyiniz kimi nəinki öz yalanlarını, hətta hərdən bir dedikləri doğruları da unudurlar.

Bəli, mənim 2003-cü il prezident seçkilərində qələbəmin minlərlə şahidlərindən biri də Zərdüşt Əlizadədir. Buyurun, bu cənabın öz əli ilə yazdığı sənəddə oxuyun:

“Mən, Əlizadə Zərdüşt Məmməd Mübariz oğlu, təvəllüdüm 1946-cı il, ünvanım: xxx, şahidlik edirəm ki (!), 15 oktyabr 2003-cü ildə prezidentliyə namizəd İsmayılov İlyasın vəkili kimi 18 N-li Yasamal-Səbail seçki dairəsinin 27 N-li məntəqəsində Azərbaycan Respublikasının Prezidentliyinə seçkiləri müşahidə etmişəm”.

3 səhifəlik (64-66-cı səhifələrdə) bu maraqlı sənədin- şahid ifadəsinin tamamını fotolarda oxuya bilərsiniz.
Gördüyünüz kimi Z.Əlizadə yazır ki, məntəqədə 1535 seçicidən 859-u iştirak edib, 843 bülleten etibarlı sayılıb.

Bu 843 bülletendə İlham Əliyev 431 səs (51, 13%), İsa Qəmbər 311 səs (36, 89%) alıb.

Lakin ardınca Z.Əlizadə çox önəmli bir faktı qeyd edir: “Gecə səslər sayılanda mən aşağıdakı xüsusiyyəti özüm üçün qeyd etdim: bütün namizədlərə verilmiş səslərin bülletenləri açıq, yapışdırılmamış zərflərə qoyulmuşdu. İlham Əliyevin xeyrinə olan səslərin təxminən yarısı səliqə ilə kip yapışdırılmış zərflərə qoyulmuşdu və onları yalnız zərfləri çırdıqdan sonra çıxarmaq mümkün olurdu.” Sənədin 3-cü səhifəsində Z.Əlizadə bu saxtakarlığın üsulun da şərh edir.

Kip qapalı zərflərdə olan bülletenlər Z.Əlizadənin dediyinə görə “İlham Əliyevin xeyrinə olan səslərin təxminən yarısı” idisə, bu 843 bülletendən 215-i olur. Həm ümumi saydan (843), həm də İ.Əliyevin səslərindən (431) 215-ni çıxsaq belə bir mənzərə yaranır:

Etibarlı bülletenlərin sayı 628,

İlham Əliyevin səsləri 216 səs (34,39%),
İsa Qəmbərin səsləri 311 səs (49,52%)

Beləliklə, Z.Əlizadənin şahidliyini qəbul etsək aydın olur ki, bu məntəqənin nəticələrinə görə İ.Qəmbər İ.Əliyevdən fərqli dərəcədə çox səs alıb və ikinci tur olmalıdır.

Amma hörmətli şahidin yazısında daha bir önəmli xüsus var. Z.Əlizadə yazır ki, bu məntəqədə “seçicilərin əksəriyyəti elmi dərəcəli alimlər və müəllimlər, incəsənət xadimləri, yüksək məqamlı (nazirə qədər) məmurlardır”.

Yəni əgər yüksək vəzifəli məmurların, dövrə görə babat işə, imkanlara malik şəxslərin olduğu məntəqədə mən 50%-ə yaxın səs almışamsa, rejimdən əziyyət çəkən milyonlarla seçicinin başqa məntəqələrdə müxalifətə nə qədər səs verə biləcəyini özünüz təxmin edin.

Beləliklə, Z.Əlizadənin şahid ifadəsi aydın şəkildə mənim seçkilərdə qələbəmi təsdiq edir”.

İsa Qəmbər fikirlərini bu sözlərlə yekunlaşdırır:

“Z.Əlizadə cənablarının baslıca narahatlığı onunla bağlıdır ki, mən “…indi əsas məsələ demokratik seçki mühiti yaradılması üçün səylər göstərmək və seçki məcəlləsində demokratik dəyişikliklərə nail olmaqdır” demişəm. Z.Əlizadə mənim bu fikrimi öz aləmində lağa qoyur, anekdot danışır və ƏSAS əks-arqumentini səsləndirir:

Bu hakimiyyət nə vaxt “demokratik seçki məcəlləsinə” fikir verib? Nə vaxt imkan verib ki, “demokratik seçki mühiti” yaransın?

Dostlar, bu guya müstəqil intellektualın arqumentinə diqqət edin. Deməli, bu rejim demokratik seçki məcəlləsinə fikir verməyibsə, demokratik seçki mühitinin yaranmasına imkan verməyibsə, demokratik düşərgə bu hədəfləri- azad və ədalətli seçki zərurətini unutmalıdır, dilə gətirməməlidir, bu istiqamətdə fəaliyyət göstərməməli , mübarizə aparmamalıdır?!

Z.Əlizadə cənabları son 27 ildə mənim əleyhimə, təmsil etdiyim təşkilatların (AXC, Müsavat, MSDM) əleyhinə yüzlərlə müsahibələr verib, yazılar yazıb, hətta yalan və böhtanlarını toplayıb kitab halında da nəşr etdirib.
Mən ona nadir hallarda, əsasən jurnalistlər təkid edəndə cavab vermişəm. İndi isə sadəcə olaraq ona və başqa yalançılara bir sözümü xatırlatmaq istədim: bizim haqqımızda yalan danışanlar özləri haqda həqiqəti eşidə bilərlər. Məsləhətim budur ki, vaxtımızı almasınlar”.


  • Yazılıb
  • da (də) 2017 Dec 04
  • Göndərən مدير سايت Aran News