Arannews-FaktXəbər-in məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Yəmənin paytaxtı Sanada Prezident Sarayını vurduğunu açıqlayıb.
Şahidlərin bildirdiyinə görə, koalisiya qüvvələrinə aid təyyarələr Sananın Ət-Təhrir məhəlləsində Prezident Sarayının da yerləşdiyi və Husilərə aid mövqelərə intensiv hava hücumları təşkil edib.
Şahidlər koalisiya qüvvələrinin ilk dəfə bombaladığı Prezident Sarayına 8 hava zərbəsi endirildiyini bildirib.
Koalisiya qüvvələri həmçinin Sananın cənubundakı Əs-Səbin bölgəsindəki Prezident İqamətgahına 6 dəfə, paytaxtın mərkəzindəki Polis Kolleci və Polis İşçiləri Klubuna də 2 dəfə hava hücumu edib.
Husilər isə keçmiş Yəmən prezidenti Əli Abdulla Salehə sadiq qüvvələrlə toqquşduğu paytaxtın cənubundakı Əl-Hayyu Əs-Siyasinin nəzarətini tamamilə ələ keçirib və regionda münaqişənin dayandığını açıqlayıb.
Şahidlər sözügedən ərazidəki küçə və prospektlərdə zirehli texnika və tankların yerləşdirildiyini bildirib.
Saleh tərəfdarı qüvvələrdən olan hərbi səlahiyyətli Salehin qardaşı oğlu general-mayor Tarıq Məhəmməd Abdulla Salehdən hələ də xəbər ala bilmədiklərini deyib.
Bəzi mənbələr Salehin konvoyunu doğulduğu Sanhan bölgəsinə gedərkən saxlayan Husi polislərinin keçmiş prezidentə 30-dan çox vuraraq öldürdüyünü bildirir.
Digər tərəfdən Yəmənin Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi təşkilata aid Əl-Məsirə televiziya kanalından verdiyi açıqlamada, Salehi sədaqətsizlikdə və xəyanətdə günahlandırıb.
"Düşmənin güclənməsini istəyən və ölkəmizə qarşı qurulan tələyə uğursuzluğa düçar edildi", - deyən Husi, təxminən 3 ildir müttəfiqi olmasına baxmayaraq, Salehin özlərinə qarşı planlaşdırılan çevrilişdən tez xəbər tutduqlarını söyləyib.
Husilərin sözçüsü Məhəmməd Əbdüs-Səlam da verdiyi açıqlamada, Saleh tərəfdarlarının dövlət qurumlarını hədəf alaraq böyük bir cinayət törətdiyini və koalisiya qüvvələri ilə birlikdə təhlükəli çevrilişə hazırlaşdıqlarını deyib. O, Salehi bu addıma Birləşmiş Ərəb Əmirliklərinin sürüklədiyini vurğulayıb.
Xatırladaq ki, Yəməndə vəziyyət 2014-cü ildən gərgindir. Ölkədə baş verən qanunsuzluqlara və prezident Mənsur Hadinin Səudiyyə Ərəbistanının diktəsi ilə hərəkət etməsinə etiraz olaraq başlayan xalq üsyanından sonra prezident Səudiyyəyə qaçmışdı. Bundan sonra ölkədəki vəziyyəti nəzarətə götürən Husi qüvvələri həm daxildəki Mənsur Hadi qüvvələri ilə, həm də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə döyüşür.