Arannews:meydan.tv-istinadən xəbər-Hakim Hüseyn Səfərov məlumat verib ki, Bakı Apelyasiya Məhkəməsinin şahid qismində tanın hakimləri Əflatun Qasımov, Vüqar Məmmədov və Əmir Bayramov teleqram göndəriblər. Onlar bildiriblər ki, üzrlü səbəbdən gələ bilmirlər, istintaqdakı ifadələrini təsdiqləyirlər.İbrahimovların vəkili Elçin Sadıqov buna etiraz edib. Bildirib ki, hakimlərin üçünün də istintaqa ifadələri eynidir. Üstəlik, həmin ifadələrlə hadisə günü məhkəmə zalında lentə alınmış video-görüntülər arasında ziddiyyət var. Vəkil hakimlərin özlərinin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb.
Vəsatət təmin olunmayıb.
İclasda Qiyas və atası ifadə verib. Həsən İbrahimov deyib ki, ilyarımda ailəsinin, oğlunun başına gətirilənlər, məruz qaldıqları təzyiqlər onu mənəvi cəhətdən yorub:
“Bütün dünya bilir ki, mənim övladımı şərləyib həbs ediblər. Məni bu işə görə birinci dəfə müstəntiq çağıranda da dedim, davamlı təzyiqlərdən bezmişdim. Həmin məqamda hansı ifadələri işlətdiyim dəqiq yadımda deyil, səmimi deyirəm. Çünki o anda mənim hakimlərin elədiyi haqsızlığa etirazım kürəyinə xəyanət xəncəri sancılmış adamın çəkdiyi əzabdan “uff” deməsi idi. Evdə tək olan aciz bir qadını itələyib, evə bir kiloqram narkotik atırlarsa, hardadır haqq-ədalət? Mən də dedim ki, əgər haqqı unurdursunuzsa, ədalətsizlik edirsinizsə, sizin də övladlarınızın başına gəlsin, görəsiniz ki, biz nə çəkirik. Axı biz də insanıq, biz də Azərbaycan vətəndaşıyıq. Mən sadəcə, məhkəmədəki haqsızlığa, ədalətsizliyə etirazımı bildirmişəm”.
Onun sözlərinə görə, hadisə günü Qiyas İbrahimov hakimlərə deyib ki, bir ildir onu yalan narkotik nağılı ilə həbsdə saxlayırlar, indi də özü nağıl danışmaq istəyir. Hakim də onun saxlandığı kabinədəki mikrofonu söndürüb, çıxışına imkan verməyib:
“Qiyas da mikrofonu çıxartdı, dedi ki, əgər mənim danışmağıma imkan vermirsinizsə, daha nə üçündür bu mikrofon?!”
Atasından sonra Qiyas özü də ifadə verib. Deyib ki, hətta Bakı Ağır Cinayətlər Məhkəməsində ona saxta ittihamla on il həbs cəzası vermiş hakimlərə də hörmətsizlik etməyib, hökm oxunandan sonra onlara “çox sağ ol” deyib. İşinə Apelyasiya Məhkəməsində baxılarkən də məhkəməyə hörmətsizlik etmədiyini, çıxış üçün öz növbəsini gözlədiyini deyən gənc fəalın sözlərinə görə, əksinə, hakim Vüqar Məmmədov onun hüququnu pozub, çıxış etmək imkanını əlindən alıb: “Mən sifariş icra edən hakimləri təhqir etməyi yersiz sayıram. Hakimləri də sifariş icra edib, haqqımdakı hökmü qüvvədə saxladıqlarına görə nə təhqir, nə də onlara hörmətsizlik eləmişəm. Mən sadəcə, sözümün kəsilməsinə etiraz olaraq, mikrofonu çıxarmışam. Əgər bu hadisədə hüquq pozuntusu varsa, onu da Vüqar Məmmədov eləyib – mənim söz demək hüququmu pozub. Necə ki, ona sifariş verənlər həqiqətlərə qulağını yumub, ancaq yalan danışırlar, eləcə də Vüqar Məmmədov ancaq yalan eşitmək istəyirdi. Yəni həmin mikrofonu yalan simvoluna çevirirdi. Mənim isə yalanlarla, yalan simvolları ilə aram yoxdur. Ona görə də o mikrofonu yerindən çıxartdım”.
Daha sonra məhkəmə zamanı hakimin onun çıxışını kəsib, mikrofonu söndürməsinə etiraz olaraq, Qiyasın sındırdığı iddia olunan mikrofona baxış keçirilib. Qiyas və müdafiəçisi deyib ki, bu, həmin mikrofon deyil. Ya da sonradan qəsdən iki yerə bölünərək işə əlavə olunub.
İclasda məhkəmə zalında lentə alınmış video-görüntülərə baxış keçirilib, ekspert rəyləri elan olunub.
Məhkəmə istintaqının tamamlanması elan edilib.
Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona dekabrın 12-nə qədər vaxt verilib.