Arannews:nur-az.com-istinadən xəbər-“Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32 faizinin ixtisası var”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Səlim Müslümovun sözlərinə görə işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin müasir əmək bazarının tələblərinə cavab verməməsi işsizlik probleminin səbəblərindən biridir.“Qeyd etdiyim kimi, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Azərbaycanda getdikcə daha çox savadlı gənclər müxtəlif mühüm vəzifələrdə çalışırlar”. Bu sözlər də prezident İlham Əliyevə məxsusdur.
Belə çıxır ki, savadımız var, amma ixtisasımız yoxdur ona görə də iş tapa bilmirik, işsizik?! Amma elə deyil, çünki işsizlərin böyük əksəriyyəti ixtisaslılar və ali təhsilli gənclərdir. Belə ki, Dövlət Statistika Komitəsinin 2017-ci ilin əvvəlinə olan məlumata görə, ötən il rəsmi olaraq izsiz sayılan 252,8 min nəfərin 35,4 min nəfəri ali, 31,8 min nəfəri orta ixtisas və 18,1 min nəfəri peşə ixtisas təhsillidir. Göründüyü kimi, işsizlərin 35 faizə qədəri müxtəlif səviyyəli ixtisas sahibləridir.
Əslində isə, bu ilin noyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 5,072, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların (yəni gerçək daimi işi olanların) sayı 3,544 milyon nəfərdir ki, belə olanda da işsizlərin sayı 252,8 min nəfər deyil, 1 milyon 528 min nəfərə və əmək qabiliyyətli əhalinin 30 faizinə bərabərdir. Deməli, Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir, işsiz olanların üçdə biri ixtisaslıdır.