Tarix : 2008 Jun 20
Kod 5367

QƏZVİN-RƏŞT-ASTARA DƏMİR YOLU XƏTTİ 2012-DƏ HAZIR OLACAQ

bu dəfəki danışıqlarda bütün məsələlərin razılaşdırıldığını bildiriblər
Azerbaijan Servisi/Aran Agentliyi

Şimal dənizini Fars körfəzi ilə birləşdirəcək «Şimal-Cənub dəhlizi» çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin tikintisi 2012-ci ildə başa çatdırılacaq. Azərbaycan, İran və Rusiyadan olan işçi qruplarının bu gün Bakıda Dəmir Yol İdarəsində keçirilən iclasında tərəflər əvvəllər nəzərdə tutulan işlərin lazımınca həyata keçirilmədiyini etiraf etsələr də, bu dəfəki danışıqlarda bütün məsələlərin razılaşdırıldığını bildiriblər. Danışıqların nəticəsi olaraq yekun protokol imzalanıb.

Sənədə əsasən, Qəzvin şəhərindən Astarayadək dəmir dəmir yolu xətti çəkiləcək. Bu xəttin Qəzvindən Rəştə qədər olan hissəsini İran tərəfi tikməlidir və İran dəmiryolçuları bəyan edir ki, bu istiqamətdə işlərin 90 faizi yerinə yetirilib. İran dəmir yolu idarəsinin rəis müavini Mahmud Rza Seymaneş bildirib ki, danışıqlarda irəli sürülən məsələlərin icrasına bu il başlanılacağı güman edilir: «Artıq Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi üzrə işlər qaydasında gedir. Hər il İran hökuməti bu layihəyə ayrılan investisiyaları artırır».

Rəştdən Astarayadək olan hissənin tikintisi isə hər 3 ölkənin birgə layihəsi əsasında həyata keçiriləcək. Bununla yanaşı Yalamadan Astarayadək dəmir yollarının yenidən qurulması və Astarada dəmir yol körpüsünün tikintisi nəzərdə tutulur. Tərəflər noyabr ayınadək layihənin texniki iqtisadi əsaslandırma sənədini hazırlayıb başa çatdırmalıdır. Buna qədər isə təxminən avqustun 15-nə qədər layihə üzrə konsorsium yaradılacaq. Birgə müəssisə Moskvada yerləşəcək.

Nəzərdən keçirilən nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün tərəflər növbəti iclasa qədər bəzi məsələləri həll etməlidir. İlkin təkliflərə görə, Şimal-Cənub nəqliyyat dəhlizi»ndə yükdaşımaları həyata keçirmək üçün birgə operator şirkəti yaradılacaq. Bununla yanaşı, Rusiya, İran və Azərbaycan ərazilərindən yüklərin daşınması zamanı xüsusi tarif siyasəti müəyyənləşdiriləcək. Nəhayət, layihənin iştirakçıları dövlət sərhədlərinin keçilməsi və gömrük şərtlərinin asanlaşdırılması üzrə təkliflər də hazırlamalıdır. «Şimal-Cənub nəqliyyat dəhlizi»nin üç variantda təşkilinə gəlincə, mütəxəssislər hesab edir ki, ən əlverişli variant yüklərin Azərbaycan ərazisi ilə daşınmasıdır.

Mütəxəssislərin fikrincə, bu dəhliz qısa vaxtda rentabelli işləyəcək. Əvvəlki illərdə bu dəhlizlə ildə 5 milyon tona qədər yük daşınacaq. Sonrakı illərdə bu rəqəm bir neçə dəfə artırılacaq. Ekspertlər hesab edir ki, bu, qoyulan investisiyanı qısa müddətdə götürməyə imkan verəcək.

 
  • Yazılıb
  • da (də) 2008 Jun 20