Tarix : 2017 Dec 09
Kod 53678

Ayətullah Amili: Qondarma Qarabağ hökuməti təbliğə macal tapmamalıdır

Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində “Şərq” qəzetinin qondarma, separatçı və qəsbkar Qarabağ hökumətinin xarici işlər nazirindən müsahibə almasını bərk pisləyib, ölkəmizin Xarici İşlər Nazirliyinin İran və Azərbaycan ölkələri arasında münasibətlərin korlanmasına diqqətsizlik göstərməsinə etiraz edib.
AranNews – Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin nümayəndəsi bu həftənin cümə namazı xütbələrində ölkənin çox tirajlı və qeyri-dövlət qəzetlərindən birinin (“Şərq” qəzeti) qondarma, separatçı və qəsbkar Qarabağ hökumətinin xarici işlər naziri ilə müsahibəsinə işarə edərək deyib: “Bu qəzetin onun batil iddialarını dünyaya çatdırmasına və bu həddə (müsahibə səviyyəsində) tanımasına bərk etiraz edir və bu hərəkəti pisləyirik. Həmçinin İran və Azərbaycan ölkələrinin münasibətlərinin korlanmasına diqqətsiz yanaşdığı üçün ölkəmizin Xarici İşlər Nazirliyinə də etiraz edirik. Qondarma Qarabağ hökumətini Ermənistandan başqa heç bir dövlət tanımamışdır və BMT-nin üzvü deyil. Belə hökumət təbliğ üçün macal tapmamalıdır”.
Ayətullah Amili əlavə edib: “Özünü Qarabağın xarici işlər naziri adlandıran bu şəxs həqiqi cinayətkardır və bir qəzet üçün cinayətkardan müsahibə almaqdan daha üstün etibarsızlıq ola bilməz”.
Ərdəbil əyalətinin Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin davamında deyib: “Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bəziləri bu kimi təxribatçı addımlarla İran və Azərbaycan ölkələrinin münasibətlərinə xələl gətirmək istəyirlər. Sözsüz ki, bu məsələnin arxasında erməni lobbisi dayanıb və bu hərəkət onların təhriki ilə baş tutub”.
Ərdəbilin imam cüməsi daha sonra deyib: “Qarabağ və Fələstin kimi məsələlərin problemi sülh və müzakirələr yolu ilə həll olan deyil. Müzakirə edənlər yeganə qalmış yola, yəni müqavimət yoluna qayıtmalıdırlar”. 


  • Yazılıb
  • da (də) 2017 Dec 09
  • Göndərən مدير سايت Aran News