Arannews-Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdı və bu ölkədəki səfirliyin Tel-Əvivdən Qüdsə köçürüləcəyini bildirdi. Beləcə, beynəlxalq hüququ, BMT qətnamələrini çeynəyən, Fələstin probleminin nə vaxtsa sülh yolu ilə həll ediləcəyi ümidinin üzərinə qatı xətt çəkən qərar qəbul edildi.Maraqlıdır ki, bu addım müsəlmanların Qüds üzərində nəzarəti itirmələrinin 100 illiyi ərəfəsində baş verdi. Birinci cahan savaşının gedişində, 1917-ci il dekabrın 9-da ingilislər osmanlı-alman qüvvələrini məğlub edərək Qüdsü ələ keçirdilər. Taleyin istehzası isə ondan ibarətdir ki, bu hadisənin baş verməsində Osmanlıya qarşı üsyan etmiş ərəblər əhəmiyyətli rol oynamışdılar.
Qüds dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Onun 6 min il yaşı olduğu söylənilir. O, hər üç İbrahimi dində müqəddəs şəhər hesab olunur. İudaizmdə və xristianlıqda əsas, İslamda isə Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhər sayılır.
Həm strateji əhəmiyyətinə, həm də coğrafi möveyinə görə Qüds antik dövrlərdən hücumlara, işğallara məruz qalıb. Bu baxımdan dünya tarixində ön sıralarda olan şəhərlərdən biri, bəlkə də birincisidir. 6 min illik tarixi ərzində Qüds ən azı 2 dəfə tam dağıdılıb (eramızın 70-ci ilində romalılar və 1244-cü ildə xarəzmlilər tərəfindən), 23 dəfə mühasirəyə alınıb, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə fəth edilib.
Eramızdan əvvəl XI əsrdə yəhudilərin əlinə keçən şəhər sonralar bir çox (Babil, Əhəməni, İskəndər, Misir, Roma, Bizans) dövlətlərin tərkibində olub. 614-cü ildə Sasani şahı II Xorov Pərviz şəhəri Bizansdan alıb. 15 il sonra isə Bizans Qüds üzərində nəzarəti bərpa edib. Lakin bu vəziyyət də uzun sürməyib.
Bu dövrdə Ərəbistan yarımadasında yeni dövlət – Xilafət yaranırdı. Quruluşunun ilk illərindən ətraf ərazilərə ekspansiyaya başlayan bu dövlət artıq 638-ci ildə Qüdsü ələ keçirdi. Bununla da şəhərdə xaçlılar dönəmində 103 illik (88+15) fasilə istisna olmaqla 13 əsr davam edən müsəlman hegemonluğu başladı.
Abbasilər xilafətinin zəifləməsi ilə XI əsrdə Qüds şiə Fatimilər dövlətinin nəzarətinə keçir. Əsrin son rübündə fatimilər və səlcuqlar şəhər uğrunda bir-birləri ilə dəyişkən müvəffəqiyyətlə mübarizə aparırlar. Bu mübarizəyə avropalılar son qoydular. Birinci xaç yürüşü nəticəsində Qüds xristianların əlinə keçir və 1099-cu ildə burada Qüds krallığı yaradılır.
İslam dünyasının böyük sərkərdəsi Səlahəddin Əyyubi 1187-ci ildə Qüdsü geri qaytardı. Onun ölümündən sonra isə övladları arasında gedən çəkişmələrdən istifadə edən Müqəddəs Roma imperatoru II Fridrix diplomatik yollarla şəhər üzərində xristianların nəzarətini bərpa etdi. Lakin analoji status-kvo cəmi 15 il çəkdi.
Monqol hücumları nəticəsində darmadağın edilən Xarəzmşahlar dövlətinin Əyyubilər dövlətinə sığınan xeyli hərbi qüvvəsindən istifadə edən sultan Salih 1244-cü ildə Qüdsü geri qaytarır. Bundan sonrakı 7 əsr ərzində Qüds müsəlmanların nəzarətində olur.
Əyyubilər dövlətinin süqutu ilə şəhər 1260-cı ildə Misir məmlük sultanlığının, 1517-ci ildə isə Osmanlı dövlətinin hakimiyyəti altına keçir. Sultan Süleyman Qanuninin zamanında Qüdsün yeni dirçəlişi başlayır. İmperiyanın tolerant dini siyasəti nəticəsində buradakı ziyarətgahlara xristian və yəhudi zəvvarların axını artır.
Sultan Süleyman şəhəri müdafiə divarları ilə əhatəyə alır. Maraqlıdır ki, 3 əsr ərzində əhalinin sayında xüsusi artım olmadığından şəhər bu divarların əhatəsinə sığışıb qalır. Yalnız XIX əsrin ortalarında divarlardan kənarda yeni tikililər inşa olunur. İndi divar əhatəsində olan ərazi “Köhnə şəhər”, divarlardan kənarda olan isə “Yeni şəhər” adlanır.
Ərəb millətçiliyindən Osmanlı dövlətinə qarşı istifadəyə ilk dəfə Rusiya cəhd etmişdi. XVIII əsrin ikinci yarısında onlar Misirin məmlük hakimi Əli bəy Kəbirlə əlaqə yaratdılar, sultana qarşı çıxıb müstəqillik elan edəcəyi təqdirdə dəstəklərini vəd etdilər.
1768-ci ildə yeni rus-türk müharibəsi başlayarkən Əli bəy Misirin müstəqilliyini elan etdi. Lakin bu dövrdə dini həmrəylik hələ millətçilikdən üstün idi. Əli bəyin qoşunu həm də İslam xəlifəsi olan Osmanlı sultanına qarşı döyüşməkdən imtina etdi. Nəticədə Əli bəy məğlub oldu və döyüşdə aldığı yaralardan 1773-cü ildə Qahirə zindanında öldü.
Eyni taktikadan Birinci cahan savaşı zamanı ingilislər daha uğurla istifadə etdilər.
XIX əsrdə Osmanlı hakimiyyətinin ucqarlara nəzarətinin zəifləməsindən istifadə edən İngiltərə ərəblər yaşayan ərazilərdə xeyli möhkəmlənmişdi. Burada onlar yerli tayfa başçıları, nüfuzlu feodallar, şeyxlər ilə sıx əlaqə saxlayırdılar. Birinci cahan savaşı başlayan kimi ingilislər bu əlaqələrdən yararlanaraq ərəbləri türklərə qarşı çıxmağa təhrik etdilər.
Bir çox ərəb lideri ingilislərin təklifinə müsbət yanaşsalar da, ən ciddi dəstək Məkkə şərifi Hüseyn bin Əlidən gəldi. İngilislər ona müharibədən sonra yaranacaq böyük ərəb dövlətinin hökmdarlığını vəd etmişdilər. Bundan ruhlanan şərif 1916-cı il iyunun 8-də Osmanlı dövlətinə qarşı qiyam qaldırdı.
Onsuz da ağır şərtlər altında mübarizə aparan osmanlıları ərəb üsyanı lap çıxılmaz vəziyyətə saldı. Artıq iyunun 16-da Ərəbistan yarımadasının ən mühüm limanı olan Ciddə, daha sonra isə Məkkə itirildi. Oktyabrda Mədinə üzərinə hücum isə türklər tərəfindən dəf edildi.
Noyabrın əvvəllərində Hüseyn bin Əliyə loyal əmirlərin toplantısı onu “ərəb vilayətlərinin kralı” elan etdi. Yeni kralın təşkil etdiyi hökumətdə əsas vəzifələri öz oğulları tuturdu. Əli baş nazir, Abdullah xarici işlər naziri, Feysəl isə daxili işlər naziri idilər.
Lakin Hüseynin bütün ərəblərin kralı elan edilməsi ingilislərin yağlı vədlər verdikləri digər ərəb liderləri ilə münasibətlərinə zərər vururdu. Buna görə də onlar Hüseyni yalnız Hicaz (Ərəbistan yarımadasının Məkkə və Mədinənin də daxil olduğu qərb hissəsi) kralı kimi tanıdılar.
1917-ci ilin əvvəllərində ingilislərlə birlikdə osmanlılara qarşı döyüşən ərəblərin sayı artıq 70 minə çatırdı. May ayında Auda Əbu Tayinin rəhbərlik etdiyi bədəvi ərəblər Qırmızı dənizdə türklərin nəzarət etdikləri son liman olan Akabe üzərinə hücuma keçdilər. Məşhur ingilis kəşfiyyatçısı Lourensin də iştirak etdiyi döyüşlərdən sonra türklər Akabeni itirdilər.
Akabe üzərinə hücumun əhəmiyyəti Misirdən Fələstin istiqamətinə irəliləyən ingilis qüvvələrinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. Bu məntəqənin tutulması ilə ingilislər artıq çəkinmədən Qüds üzərinə hücum edə bilərdilər.
General Edmund Allenbinin komandanlıq etdiyi ingilis ekspedisiya korpusu oktyabrın son günündə Beerşeba, noyabrın əvvəllərində Qazza şəhərlərini tutdular. Dekabrın əvvəllərində isə Qüds həndəvərinə yaxınlaşdılar.
Qüdsü müdafiə edən türk və alman qüvvələrinə general Erik fon Falkenhayn rəhbərlik edirdi. İngilislərin canlı qüvvə və texniki üstünlüyü sayəsində şəhərin ciddi müdafiəsini təşkil etmək mümkün olmadı. Düz 100 il öncə, 1917-ci il dekabrın 9-da Qüds ingilislər tərəfindən tutuldu.
Beləliklə, general Allenbi imperator II Fridrixdən 7 əsr sonra Qüdsə yiyələnən ilk xristian fateh oldu.
Müsəlmanların isə bu müqəddəs şəhərdə çoxəsrlik hegemonluğu başa çatdı. Sadəcə türklərin deyil, məhz müsəlmanların! Lakin ərəblər hələ bunu dərk etmirdilər. Onlar Qüdsün onlara veriləcəyi vədinə inanır, baş vermiş hadisəni bayram edirdilər. Edmund Allenbi isə onlara tanrının göndərdiyi xilaskar qismində görünürdü.
Sonrakı hadisələr isə məlumdur. Qüds 30 il ərzində Britaniya mandatında oldu. Ondan sonra BMT-nin Qüdsü heç bir dövlətin tərkibinə qatılmayan, beynəlxalq nəzarət altında olan ərazi elan etməsinə baxmayaraq, şəhərin qərb hissəsi İsrailin, şərq hissəsi isə müsəlmanların nəzarətinə keçdi. 1967-ci ildə baş verən Altıgünlük müharibədə böyük qələbə qazanan İsrail şəhərin tamına nəzarətə nail oldu.
1980-i ildə Knessetin qəbul etdiyi qanunla Qüds İsrailin paytaxtı elan olundu. BMT TŞ-nın iclasında bu qanun “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirilərək ləğv edilməli olduğu bildirildi. O zaman veto hüququndan istifadə etməyərək bitərəf qalan ABŞ bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıdığı elan edir.
Məkkə şərifi Hüseyn bin Əli ingilislərə göstərdiyi xidmət müqabilində umduqlarına nail ola bilmədi. O, nəinki bütün ərəblərin kralı olmadı, hətta səudlarla savaşda məğlubiyyətə uğrayaraq Hicaz üzərində hakimiyyətini də itirdi. Hicaz gələcəkdə Səudiyyə Ərəbistanı adlandırılacaq dövlətin tərkibinə qatıldı.
Lakin onun oğullarının bəxti daha çox gətirdi. Feysəl İraqın kralı elan edildi. Burada Haşimi sülaləsinin hakimiyyəti 1958-ci il inqilabından sonra İraqın respublika elan edilməsinə qədər sürdü.
Vaxtilə Osmanlı parlamentinin deputatı olmuş Abdulla bin Hüseyn isə Transiordaniyanın əmiri, 1946-cı ildən isə İordaniya kralı oldu. Burada Haşimi sülaləsinin hakimiyyəti günümüzə qədər davam edir.
Birinci cahan savaşından sonra feldmarşal rütbəsi almış Eduard Allenbini isə ərəblər artıq xilaskar kimi xatırlamırlar. Əvəzində İsraildə Allenbinin adı verilmiş bir sıra obyektlər mövcuddur.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.