Tarix : 2017 Dec 11
Kod 53699

Əli Həsənovun nəvəsinin məhkəməsinə jurnalistlər buraxılmır

Dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobillə qəza törətmiş Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Arannew:meydan.tv-istinadən xəbər-Rəsmi məlumata görə, Nail Allahverdiyev avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qəza törədib və nəticədə iki nəfər ölüb, iki nəfər ağır bədən xəsarəti alıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Jurnalistlərə bildirilib ki, məhkəmə zalında yer yoxdur. Qapalı şəkildə keçirilən iclasda Nail Allahverdiyevin vəkilləri əlavə sənədlər təqdim edərək araşdırılmasını istəyiblər. Məhkəmə həmin sənədlərin araşdırılması üçün təxirə salınıb. Məlumatı jurnalistlərə vəkillər verib.
N. Allahberdiyevin məhkəməsi bir müddət əvvəl başlayıb. İlkin hazırlıq iclasına N.Allahverdiyev əli qandallı gətirilib. İclasda onun vəkilləri Muxtar Mustafayev və Əli Hüseynovla yanaşı zərərçəkmiş şəxslərdən bir neçəsi iştirak edib. İclasda anket məlumatları dəqiqləşdirilən zaman N.Allahverdiyev deyib ki, 1994-cü il fevralın 25-də Sumqayıtda anadan olub, ailəlidir, ali təhsili var, heç yerdə işləmir, əvvəllər məhkum edilməyib və hərbi xidmətdə olmayıb. 
Lakin  sonradan bir sıra saytlarda onun hərbi xidmətdə olması və məhkəmə iclasında anket məlumatları dəqiqləşdirilən zaman yanlışlığa yol verildiyi barədə xəbərlər yayılıb.
Nail Allahverdiyev Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinir. 
Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozmaqda təqsirləndirilən “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov da saxlanılıb və barəsində 1 aylıq həbs qərarı verilib.

  • Yazılıb
  • da (də) 2017 Dec 11
  • Göndərən مدير سايت Aran News