Arannews:meydan.tv-Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınmağın zamanı gəldiyini bəyan edib. O, Dövlət Departamentinə diplomatik missiyanın köçürülməsi üçün hazırlıqların başlamasına göstəriş verdiyini bildirib. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək.
Trampın qərarı İslam ölkələri tərəfindən narazılıqla qarşılanıb.
“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini deyən Rəcəb Tayyib Ərdoğan D.Trampın beynəlxalq hüquqa məhəl qoymadığını vurğulayıb. Türkiyə prezidenti deyib ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz.
“Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. “Qüds bizim üçün qırmızı xətdir və “Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Ərdoğan sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət edib və müstəqil Fələstin dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirib.
Fələstinin prezidenti Mahmud Abbas isə bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğulayıb:
“Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”.
İordaniya Kralı II Abdullah da hesab edib ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir:
“Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin də ABŞ Prezidentinin qərarını bütün beynəlxalq normalara zidd hesab edib:
“Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”.
İran prezidenti Həsən Ruhani bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırıb.
Azərbaycan prezidenti İlham Əliyev də deyib ki, D.Trampın bəyanatı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qarşıdır:
“Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.
Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”.
Sonda tədbir iştirakçıları yekun bəyannamə qəbul edib. Sənəddə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir.
Bundan başqa, İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.
Bəyannamədə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.
Şərqi Qüdsün Fələstinin paytaxtı elan edilməsi məsələsinə münasibət bildirən tarixçi Yadigar Sadıqov Meydan TV-yə bildirib ki, BMT Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımayıb:
“Qurumun 1947-ci ildə qəbul olunmuş qərarına görə, Qüds heç bir dövlətin tərkibində olmayan, beynəlxalq nəzarət altında qalan şəhər olmalı idi. Lakin 1947-1949-cu illərin ərəb-yəhudi müharibəsindən sonra şəhərin qərb hissəsini İsrail, şərq hissəsini isə Transiordaniya (sonralar İordaniya) tutdu. Qüds haqqında BMT statusunu ilk pozan da bu gün çoxunun düşündüyü kimi İsrail deyil, İordaniya oldu. 1948-ci ildə İordaniya Şərqi Qüdsün ilhaqı (özünə birləşdirilməsi) haqqında qanun qəbul etdi. Bu da İsrailə Qərbi Qüdsü ilhaq etməyə imkan verdi. 1949-cu ilin sonlarında İsrail şəhərin bu hissəsini öz paytaxtı elan etdi. 1967-ci ildə Altıgünlük müharibədən sonra isə İsrail şəhərin hamısına nəzarəti əlinə keçirdi və 13 il sonra Qüds (artıq təkcə qərb hissəsi deyil) dövlətin paytaxtı elan edildi".
Tarixçi əlavə edib ki, "BMT-nin 1947-ci ildə qəbul etdiyi qərar dəyişilməsə də, bu gün status-kvo nəzərə alınır və Qüdsün müstəqil şəhər statusunun bərpa edilməsi artıq müzakirə mövzusu deyil. Şəhərin qərbinin İsrailə, şərqinin isə Fələstinə verilməsi ən çox meyl olunan və ədalətli variantdır".
Həmçinin Yadigar Sadıqov İKT sammitində verilən bəyanatlarla konkret nəyəsə nail olunacağına inamadığını deyib:
"Növbəti ərəb-İsrail müharibəsi də real görünmür. Zatən Qüds məsələsində müsəlman təəssübkeşliyi göstərən daha çox qeyri-ərəb dövlətlərdir.
Belə olduqda düşünürəm ki, problemin bu və ya digər şəkildə həllində Şərqi Qüds əhalisinin mövqeyi həlledici olacaq. Əgər müsəlman əhali ciddi dinc (mütləq dinc) müqavimət təşkil edərsə, bəlkə də şəhərin bu hissəsini Fələstinə qaytarmaq mümkün oldu. Lakin bu barədə o qədər də nikbin deyiləm. Rəy sorğuları göstərir ki, Şərqi Qüdsün hətta müsəlman əhalisinin təxminən yarısı İsrail tərkibində qalmağa daha isti yanaşır. Digər yarısı Fələstin vətəndaşı olmaq istəyir, lakin bunun üçün nə qədər fədakarlığa hazırdırlar, demək çətindir".