Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist, blogger Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında verilən apellyasiya şikayəti təmin olunmayıb
Arannews:Rakurs.tv-istinadən xəbər-Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist, blogger Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında verilən apellyasiya şikayəti təmin olunmayıb. Belə ki, müdafiə vəkilləri məhkəmə prosesində cinayətdən danışmağın mümkünsüzlüyünü, eləcə də ümumi şəxs barəsində nəyinsə söylənməsinin böhtan cinayətinin tərkibini yaratmadığını bildiriblər. Xüsusi ittihamçının nümayəndəsi də öz çıxışı zamanı burada şərəf və ləyaqətin yox, nüfuzun zədələnməsindən söhbət getdiyini deyib. Qısa sürən müşavirədən sonra hakim ilkin məhkəmə instansiyasının çıxardığı qərarın qüvvədə saxlandığını elan edib.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.