Tarix : 2017 Dec 16
Kod 53751

Prokuror Qiyas və Həsən İbrahimovlara iş istədi

Dekabrın 15-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun məhkəmə iclası davam edib.
Arannews:meydan.tv-istinadən xəbər-İclasda prokuror çıxış edib və hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə Vəkil Elçin Sadıqov da çıxış edib. O bildirib ki, Qiyasla bağlı cinayət işinin saxtadır və onlara bəraət verilməlidir.
Bakı Apellyasiya Məhkəməsindəki son iclasda hakimin müdafiə tərəfinin 22 vəsatətinin heç birini təmin etməməsi, Qiyasın son sözünü də kəsməsi onun etirazına səbəb olub:
"Qiyasın hakimlərə "mantiya geyinmiş marionetlər" deməsi təhqir kimi qiymətləndirilib. "Marionet" kənardan idarə olunan deməkdir. Azərbaycan məhkəmələrinin müstəqil olmaması, icra hakimiyyətindən asılılığı əksər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. Qiyas mikrofonu sındırmayıb. Həmin mikrofon sonradan sındırılaraq, iş materiallarına əlavə olunub. Belə çıxır ki, mən indi möhkəm otursam, stul sınsa, mən məhkəməyə hörmətsizlik eləyirəm? Həsən İbrahimova gəlincə, onun davranışı emosional halda edilən etiraz formasıdır. Qarğış təhqir kimi qiymətləndirilə bilməz". Vəkil bəraət hökmü çıxarılmasını istəyib.
Qiyas İbrahimov da  son söz deyib. Bildirib ki, o, kimsəni nə təhqir edib, nədə hörmətsizlik edib. Sadəcə, həqiqəti müdafiə edib.
"Həqiqət isə mənim dediyim kimidir, onların yazdığı kimi yox. Məni şərləyib, haqqımda hökm çıxarıblar. Onlar istəyirdilər ki, mən özüm də özümü şərləyim. Mən Heydər Əliyevin heykəlinə şüar yazdığıma görə həbs olunmuşam. Ona görə məhkəmədə də bu haqda danışmalıydım, saxta narkotik ittihamı barədə yox. Mən yaxşı başa düşürəm ki, onlara elə göstəriş verilmişdi, ona görə də hərəkətlərimi belə qələmə verib, daha bir iş düzüb-qoçublar. Həqiqət yüksək səslə müdafiə olunmalıdır, amma həqiqəti eşitmək istəməyənlər, hətta asta səsi də kəsməyə hazırdılar. O mikrofondan həqiqətin səslənməsini istəməyəndə o, yalan simvolundan başqa bir şey olmur, orada asılmasının da faydası yoxdur. İstər cismani, istərsə də.mənəvi baxımdan qoparılıb atılmalıdır . Quldarlıqdan geri qalmayan bir quruluşda, qanun adı altında hər cür iyrəncliklərə yol verildiyi şəraitdə əxlaqlı, vicdanlı insanlar üçün ən yaxşı yer həbsxanadır".
Həsən İbrahimov isə son sözündə özünə və oğluna bəraət istəyib.
Proses dekabrın 18-də davam edəcək. Həmin gün hökm oxunacağı gözlənilir.
İbrahimov və atası Həsən İbrahimov CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunur. Onlar iyunun 5-də Bakı Apelyasiya Məhkəməsində Qiyasın 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə baxan hakimlər - Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramova hörmətsizlikdə, onları təhqir etməkdə təqsirləndirilir.
Lakin həmin hakimlərin heç biri məhkəmə prosesinə qatılmayıblar. Dekabrın 6-da keçirilən prosesdə onların məhkəməyə ünvanladığı teleqram oxunub. Onlar bildiriblər ki, üzrlü səbəbdən gələ bilmirlər, istintaqdakı ifadələrini təsdiqləyirlər.
Q.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.
«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, «Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...» deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilib.

  • Yazılıb
  • da (də) 2017 Dec 16
  • Göndərən مدير سايت Aran News