Tarix : 2017 Dec 16
Kod 53755

Gün gələr

Hakimiyyətin kefi kökəlir. Neft bahalaşır, artıq barel 64 dollaradır. Ay can, ay can! Satış vaxtı büdcədən qaçırılan pullardan əlavə büdcəyə daxil olan pulların da şir payı qaçırılacaq.
Arannews-Neftin bahalaşması müəllim, həkim və sair xırda-para adamların həyat səviyyəsinin yüksəldilməsinə əsla xidmət etməyəcək.
Balaca adamlar da ucuz neft dövründə hakimiyyətin icad etdiyi cərimə talanları sisteminin ləğvinə və ya yüngülləşdirilməsinə bəslədikləri xam xəyallardan əl çəkməlidir. Zira xalqın cibinə bir kərə girən əl bir daha oradan çıxmaz!
Hakimiyyət ölkəyə gələn dollar axınının gücləndiyini görüncə kefi kökəlir. Beynində bəslədiyi və yetişdirdiyi pul tələlərini işə salmaq barədə düşünür. Bu, əstəğfiru-l-lah, maaş və təqaüd artımı, işsizlərə iş yeri təmin edən fabrik və zavod tikintisi deyil, bu, növbəti beynəlxalq yarışlardır.
Bir dəfə Olimpiya oyunlarını keçirmək şərəfinə nail olmamış hakimiyyətimiz həmin azı 50 milyard dollarlıq vəsaiti xərcləmək və bir hissəsini mənimsəmək məqsədinə addım-addım yaxınlaşır. Dünya çempionluqları, qitə miqyaslı yarışlar və sairə millətə qara qəpik qədər xeyri olmayan əndrəbadi tədbirlər imkan verir ki, prezidentin ülvi arzusu – Bakıda Olimpiya oyunlarının keçirilməsi qərarının verilməsi – geçəkləşməyə doğru daha bir addım yaxınlaşsın.
Belə addımlardan biri də üzümüzə gələn dövrdə Avropanın gənc olimpiyaçılarının yarışını keçirməkdir. Bəli, beynəlxalq bürokratiya əmin olmalıdır ki, prezident xalqla zərrə qədər hesablaşmayaraq dövlətin pulunu eninə-uzununa xərcləmək iqtidarındadır və xarici məmurların istənilən tələbini yerinə yetirmək üçün dövlətin kisəsinə girməkdən heç vaxt çəkinmir. Gənc olimpiyaçıların Bakıda keçiriləcək yarışları məhz bu antimilli məqsədə xidmət edir.
Xub, prezidentin ülvi arzuları bəllidir. Baxaq görək millət bu məşum gələcəyə necə yanaşır. Anlayırmı ki, bu pullar gedər-gəlməzə xərclənəndən sonra Azərbaycan elminin, sənaye və texnoloji inkişaf imkanlarının uzadıldığı tabuta daha bir 20 santimetrlik mıx çalınır? Təsəvvürünə gətirirmi ki, indi Rusiyanın başına gətirilən alçaldıcı oyunlar nə vaxtsa Azərbaycanın da başına gətirilə bilər? Bəhanə heç dopinq deyil, korrupsiyaya qarşı mübarizə də ola bilər. Düşünün, “Korrupsiyasız Olimpiya oyunları” şüarının nəyi “Dopinqsiz Olimpiya oyunlar” şüarından əskikdir? Bu şüar, əgər dünyanın ağalarına siyasi xal gətirərsə, və ya onlara öz siyasi məqsədlərinə çatmağa girəvə verərsə, çox faydalı və təsirli ola bilər. Millət bunu anlayırmı?
Məncə, yox.
Millət deyəndə mən, əlbəttə ki, əkinçini və ya çobanı nəzərdə tutmuram. Onları həyatda xilas olmaq və yaşamaq qayğısı üzür və mücərrəd mövzularla başlarını doldurmurlar. Mən millət dedikdə bu dövlətin hesabına varlanmışları, onlara qulluq edib xalqa nağıl danışanları, guya ki, qanun verənləri, guya ki, qanuna riayət etdirənləri, müxalifətdə “poz verərək” guya ki, millət dərdi çəkənləri nəzərdə tuturam.
Onları tanıdığımdan deyə bilərəm ki, xeyr, onlar da belə-belə həlləm-qəlləm mətləblərə vaxt ayırıb öz əziz canların tüfah mövzularla çürütmək istəməzlər. Heyif deyil gələn il keçiriləcək həlledici prezident seçkiləri və orada samballı iştirak mövzusunun strateji müzakirəsi?
Ümumiyyətlə, tək hakimiyyətin deyil, bütövlükdə millətin kefi kökəlir. Millət, diqqətinizə ərz edim ki, ibarətdir əli büdcəyə çatan, əli xalqın çibinə girən, əli xarici kreditlərə, büdcə xərclərinə çatan adamlardan.
Qalanlar millət deyil, bioloji varlıqlardır. Hələ Mirzə Ələkbər Sabir soruşmuşdu ki, “Fələ, sən də özünü bir insanmı sanırsan, Axmaq kişi, insanlığı asanmı sanırsan?” Cavab eşitmişdimi? Xeyr, nə Mirzə Ələkbər, nə də ondan yüz il sonra yaşayanlar “fələ” deyilən məxluqdan heç bir cavab ala bilməmişdi. Fələ meydana yığışıb bağıra bilərdi, yumruğunu düyünləyib yuxarı qovzaya bilərdi, amma bunu nə üçün və nəyin naminə edir – anlaya bilməzdi. Odur ki, özümüzə zəhmər verib ondan heç bir suala cavab gözləməyək.
Tapdım, kimdən soruşaq! Ziyalıdan! Alimdən, müəllimdən, həkimdən, bəstəkardan, rəssamdan, vətəndaş cəmiyyəti fəallarından! Soruşaq!
Ey! Ziyalı! Haradasan? Səs ver, səsini çıxar!
Susub. Düz də edir, xeyri yoxdur. Əvvəla, səsini çıxardın, çıxarmadın, fərqi yoxdur, eşitməyəcəklər, eşitsələr də, anlamayacaqlar. Anlasalar da, qımıldanmaycaqlar.
O biri tərəfdən, səsini çıxaranların gününə-halına baxdıq. Baxdıq və gördük ki, günü qaradır, halı pərişan. Elə gündədir ki, heç kəs nə ona həsəd aparır, nə də yazığı gəlir. Yaxşısı odur ki, susaq, bəlkə susanda, prezident təqaüdü verdilər.
Ziyalı dillənəndə, dəstək verir. Kimə? Hakimiyyətə. Nədə? İstənilən bihesablıqda, rəzalətdə, yalanda, zülmdə. Səd heyf ki, millətin qaymağı deyilən şey ya itib, ya qıcqırıb.
Naümid deyilik. Milləti öldürürlər, amma ki, tam öldürə bilməyiblər. Müqavimət nişanələri var. Millət tam ölməyib, xırıldayır, amma yaşamaq istəyir. İstəyir şərəf və ləyaqətlə yaşasın, zillətdə sürünmək istəmir.
Müqavimət göstərənlər milləti müxtəlif cür yaşadırlar. İlk nəvbədə hakimiyyətin məhbəslərə atıb əzmək və sındırmaq istədiyi insanlar əzilmir və sınmır. Onlar bütün təzyiq və məşəqqətlərə sinə gərir və öz insan ləyaqətini qoruyur. Şəxsi ləyaqətlərini qoruduqca da, millətin ləyaqətini qoruyurlar.
Onlar əzilmir və alçalmır, əzilən və alçalan hakimiyyətin özüdür. Onlar həm özləri alçalırlar, həm də Azərbaycan Respublikasını alçaldırlar, zira bu cümhuriyyərin adı, səd heyf ki, onlara bağlıdır.
Uzağa getməyək, oğurluq və rüşvətxorluq piramidasının zirvəsində şəstlə əyləşib Mixail Saakaşvili ilə mübarizə aparan Petr Poroşenko necə biabır və bihörmət olursa, bizim hakimiyyət də eynilə biabır və bihörmət olur. Olur, lakin bunu anlamır.
Bu acı və əsəbi yazını bir xəbəri oxuduqdan sonra yazıram. Oxudum ki, bizim biabır və biədəb hakimiyyət növbəti dəfə vicdan məhbusu İlqar Məmmədova təklif edib ki, əfv ərizəsi yazsın və ya şərti azadlığa razı olsun. İlqar bəy bu alçaldıcı və yalançı təklifləri qətiyyətlə rədd edib.
Oxudum bu xəbəri, ölkənin siyasi mənzərəsini, hakimiyyətini, parlamentini, məhkəmələrini, müxalifətini, vətəndaş cəmiyyətini, zəhmətkeşlərini, məmurlarını və ziyalılarını, sadə insanlarını təsəvvürümə gətirdim və əlacım bu yazını qələmə almaqda oldu.
Oxucum, yazımı oxuyub bədbin olma, əksinə, nikbin ol, içəridə yatan İlqar Məmmədov, İlkin Rüstəmzadə və sair oğullarla yanaşı bu Vətənin neçə yüz sınmamış və azad düşünən övladı var! Gün gələr, millət indiki oğru hakimiyyəti deyil, onları dinlər!
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

  • Yazılıb
  • da (də) 2017 Dec 16
  • Göndərən مدير سايت Aran News