Tarix : 2017 Dec 16
Kod 53759

Rejim daha amansız diktatura mərhələsinə keçir

AXCP sədri Əli Kərimli hakimiyyətin ölkədə daha sərt diktatura qurmaq mərhələsinə keçdiyi haqda fikirlərini paylaşıb. Onun feysbuk səhifəsində yazdığını təqdim edirik:

Arannews:Rakurs.tv-istinadın xəbər-Ciddi beynəlxalq çağırışlara baxmayaraq, tanınmış bloqçu Mehman Hüseynovu Apellyasiya Məhkəməsi də həbsdən azad etmədi. Avropa İnsan Hüquqları Məhkəməsinin dəfələrlə qərar verməsinə rəğmən, hələ də İlqar Məmmədovu azad etmirlər. ABŞ və Avropa Birliyinin dərhal azad etməyə çağırdığı Gözəl Bayramlı və Əfqan Muxtarlı da belə görünür ki, bu mərhələdə azad edilməyəcəklər. Rejim bu arada “Gül bayramı”nı“Qul bayramına” çevirə bilmiş Qiyas İbrahimov və Bayram Məmmədovdan da şəxsi “haqq-hesab” çəkir. Bayramı növbəti dəfə döyüb, 30 sutka müddətinə “karsa” salıblar. Qiyasın isə həbs müddətini daha 6 ay artırmaq, üstəlik atasını da həbs etmək istəyirlər.
“Yeni mərhələdə” partiyaların qurultay və Ali Məclis iclasları keçirməsinə də imkan verilmir. Bir ilə yaxındır AXCP Ali Məclisinin sessiyasını keçirməyə yer ala bilmirik ki, növbəti qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradaq. ReAl hərəkatının qurultayına da yer verilmir, hətta öz ofisində ReAl-a qurultay imkanı yaratmaq istədiyinə görə Müsavat partiyasına xəbərdarlıq edilir ki, qərargahınızdan başqa partiyalar istifadə etsə, sizin də qərargahı alarıq.
Çoxsaylı təzyiqlərə dözməyib, qaynım Elnur Seyidov kimi şərlənərək həbs olunacağından ehtiyatlanaraq, ölkəni tərk etmiş bacanağım Rauf Hüseynovu İnterpol vasitəsilə həbs etdirmək istəyirlər ki, “qeyri-qanuni” yolla mühacirətə gedib. Guya mühacirətin qanuni yolu da var imiş. Adam sizin zülmünüzdən qaçıb burdan. İndi də acıqlanmısınız ki, niyə ölkəni tərk edə bilib, gərək onu da şərləyib, göndərərdik Elnur Seyidovun yanına.
Gözümüzün qarşısında bütün müstəqil vəkillərə divan tutulur, məhbuslara işgəncə verilməsi, onları hətta döyərək ödürmə adi hala çevrilib. Vətəndaş cəmiyyətinin, müxalifətin bir çox önəmli simaları, dünənə qədər böyük nüfuz sahibi olan bir çox ziyalılar susdurulub, hətta bəziləri repressiv rejimə xidmətə cəlb olunub.
Azərbaycandakı avtoritarizm növbəti mərhələyə keçir. Daha sərt, daha amansız diktatura qurmaq mərhələsinə. Hamı – müxalifətçi də, vətəndaş cəmiyyəti fəalı da, ziyalı da, ölkəsinin sabahını düşünən vətəndaş da baş verənlərin təsadüf olmadığını, Şimali Koreya və Türkmənistanın artıq bir addımlığında olduğumuzu anlamalıdır. Günləri, ayları, illəri yola verməklə heç nə öz-özünə düzəlməyəcək. Ciddi səylər göstərməsək, bu gün dünəndən pis olduğu kimi, sabah da bu gündən pis ola bilər. Vətən, millət, özümüz və övladlarımız üçün daha böyük fədakarlıqlar etməliyik! “Hamımız bir nəfər üçün, birimiz hamı üçün” prinspi ilə ölkəni, onun vətəndaşlarını qorumalıyıq!
  • Yazılıb
  • da (də) 2017 Dec 16
  • Göndərən مدير سايت Aran News