Arannews:faktxeber.com-istinadən xəbər-Zöhrab Vəzirovun döyüş yolu Suriyanın Artma şəhərindən tutmuş İdlib və Hələb xarabalıqlarına qədər uzanıb. Hətta böyük qardaşı Ağa Vəzirovun Suriyadakı döyüşlərdə ölməsi belə, onu yolundan çəkindirməyib.“Əbu Musa” və rəhbərlik etdiyi “Azəri cammatı”
İstintaqın müəyyən etdiyinə görə, Zöhrab Vəzirov “Əhraru-Şam” adlı cinayətkar birliyin tabeçiliyindəki, əslən azərbaycanlı, ləqəbi “Əbu Musa” olan Rüstəm Əsgərovun rəhbərlik etdiyi “Azəri camaatı” silahlı birləşmənin tərkibinə daxil olub. O, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayına kimi həmin silahlı birləşmənin tərkibində iştirak edib. Həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən, cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.
Bundan başqa, Z.Vəzirov Suriya silahlı qüvvələrinə qarşı İdlib şəhəri uğrunda gedən döyüşlərdə, postların mühafizəsində də iştirak edib. O, 2014-cü ilin martin 26-da İstanbul şəhərinə, bu il mayın 9-da isə Azərbaycana geri qayıdıb.
“Böyük qardaşımın Suriyada gedən döyüşlərdə həlak olduğunu eşitdim”
Təqsirləndirilən şəxs qismində dindirilən Zöhrab Vəzirov ifadəsində 2003-cü ildən ibadətə başladığını, 2010-cu ildə Mədinə şəhərinə gedərək orada 6 ay dini təhsil aldığını, daha sonra isə Misirin İsgəndəriyyə şəhərində 9 ay dini kurslarda iştirak etdiyini göstərib.
İsgəndəriyyədə dini təhsil aldığı dövrlərdə əslən türk olan Murad adlı şəxslə tanış olub. 2013-cü ildə Muradın dəvəti ilə İstanbula - tovhid və sünnət mədrəsəsində dini təlim almaq üçün gedib. Türkiyədə olarkən ailəsi ilə əlaqə saxlayan Z.Vəzirov böyük qardaşı Ağanın döyüşmək üçün Suriyaya getdiyini və orada həlak olduğunu öyrənib.
“Əbu Bəkr” məscidindəki partlayış, Əbu Ənəsin təsiri və cihada aparan yol
Bundan sonra təhsil aldığı mədrəsədə Əbu Ənəs adlı türk vətəndaşını təsiri altına düşdüyünü deyən Z.Vəzirov Suriyaya getməyi planlaşdırıb. O, “Əbu Bəkr” məscidində (qeyd: Z.Vəzirov 2008-ci ildə həm də “Əbu Bəkr” məscidində baş vermis partlayış nəticəsində yaralanan şəxslərdən biri olub) ibadət etdiyi zamandan tanıdığı Abdurraufla əlaqə saxlayıb və birlikdə Suriyanın Reyhanlı bölgəsinə gediblər. Artmaya gəldikdən sonra isə yolları ayrılıb. Z.Vəzirov Abdurraufa döyüşlərdə iştirak etmək üçün “Azəri camaatı” na qoşulmağı təklif etsə də, razılaşmayıb. O, Abdurraufdan ayrılaraq Hələbə gəlib və “Əhraru-Şam”ın bazasındakı, “Əbu Musa”nın rəhbərlik etdiyi “Azəri camaatı”na qoşulub.
Sonradan cihad etməkdən daşınan Z.Vəzirov qaçaq yolla Türkiyəyə qayıdıb: “Orda təxminən altı ay qaldım, 20 gün hərbi təlimlərdə iştirak etmişəm. Amma heç bir döyüşdə olmamışam. İki dəfə postda dayanmışam, lakin silahdan atəş açmamışam. Suriyada gedən döyüşlərdə heç kimi öldürməmişəm. Döyüşmək üçün mənə pul verməyiblər. Cihad etmək fikrindən daşınıb 2014-cü ilin martında İstanbula gəlmişəm. Raqqa şəhərində olmamışam”.
Məhkəmə Z.Vəzirovun ifadəsini inandırıcı hesab etməyib. İş materiallarından aydın olub ki, Z.Vəzirov 2014-cü ilin yanvar-fevral aylarında “Əhraru-Şam” silahlı birləşməsinin döyüşçüləri ilə birgə Suriyanın rəsmi ordusuna qarşı döyüşərək İdlib şəhərinin işğalında iştirak edib. Həmin döyüşlərdə avtomat silahdan Suriya ordusuna atəş açıb.
Dostunun arvadı ilə evləndi
Türkiyəyə qayıtdıqdan sonra Z.Vəzirov onunla eyni əqidəyə malik olan azərbaycanlı qadınla ailə qurub. Həmin qadının həyat yoldaşı “Abu Ömər”i və onun ailəsini Misirdə dini təhsil aldığı dövrlərdən tanıyıb. Dörd uşağı və arvadı ilə birgə Qahirədə yaşayan “Abu Ömər” sonradan evini sataraq Türkiyəyə köçüb. 2014-cü ildə həyat yoldaşını İslam qanunları ilə yaşamaq üçün Suriyaya getməyə məcbur etsə də, qadın orada gedən döyüşləri düzgün hesab etmədiyinə görə razılaşmayıb. “Abu Ömər” isə onsuz da cihada gedəcəyini deyib. Belə olan təqdirdə ərinə boşanmağı təklif edib. Arvadı ilə boşandıqdan sonra Suriyaya gedən “Abu Ömər” 2015-ci ildə döyüşlərdə həlak olub.
Məhkəmənin hökmü ilə Zöhrab Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib