İlqar Vəlizadə: “Türkiyə və İsrail arasında ticarət dövriyyəsi təxminən 4 milyard dollardan çoxdur”
Arannews-İsrailin müdafiə naziri Aviqdor Liberman yahudi dövlətinin Türkiyə ilə iqtisadi əlaqələrinə yenidən baxılmasına çağırıb. O, bildirib ki, İsrail Türkiyə ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir. Ərdoğanın İsrailin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə görə Türkiyə hökumətini təhdid edən Liberman, Avropaya qaz nəqlinin təhlükəsindən də söz açıb. İsraildən Avropaya Türkiyə vasitəsilə qaz kəmərinin tikintisinə qarşı olduğunu dilə gətirib. Bəs görəsən sionist İsrail rejiminin Türkiyəni təhdid etməsini ciddiyə almaq olarmı? Ümumiyyətlə yəhudi İsrail rejimi Türkiyəyə nə edə bilər?
İslaminSesi mövzunu politoloq İlqar Vəlizadə ilə müzakirə edib. Politoloq bildirib ki, Liberman İsrail siyasi elitasında aşağı səviyyəli insan deyil və müəyyən nüfuza malikdir. Lakin Liberman iqtisadi bloka aidiyyatı olmayan bir şəxsdir: “Çünki İsraildə iqtisadiyyatla bağlı qərarları nazirlər yox, biznes nəhəngləri qəbul edir. Daha dəqiq desək biznes nəhəngləri iqtisadi qərarlarda İsrail hökumətinə təsir etmək gücünə malikdirlər. Əgər biznesə Türkiyə bazarı və imkanları maraqlıdırsa, o zaman şəbəkələr öz sözünü deyəcək. Qeyd etmək lazımdır ki, hazırda Türkiyə və İsrail arasında ticarət dövriyyəsi təxminən 4 milyard dollardan çoxdur. Baxmayaraq ki, iki dövlət arasında siyasi səviyyədə ziddiyyətlər mövcuddur, biznes əlaqələrində isə ildən-ilə artım müşahidə olunur. Türkiyə hava şirkətləri hətta İsrailə uçuşlar həyata keçirirlər və bu aviareyslərin sayı da artıb. Yəni ikitərəfli münasibətlər davam edir və Liberman bunu bir çıxışla məhv edə bilməz”.
İlqar Vəlizadənin sözlərinə görə, siyasi proseslər münasibətlərə müəyyən təsir göstərsə də, iqtisadi əlaqələr hər iki dövlətin marağındadır: “O ki, qaldı qaz kəməri ilə bağlı müzakirələrə, artıq Yunanıstan, Şimali Kipr və İsrail hökumətləri Avropaya uzanan qaz kəmərinin öz ərazilərindən keçməsinə razılıq veriblər. Bununla bağlı saziş də imzalanıb. Odur ki, Libermanın təhdidləri və çıxışları ciddi qəbul olunmamalıdır və düşünürəm ki, heç bir nəticəsi də olmayacaq”.