Tarix : 2017 Dec 19
Kod 53796

Prezidenti mədh edən, siyasətdən uzaq tutulan alim, yoxsa mərhum Lütfüzadə kimi

Çünki bu insanlar gözəl bililər ki, alimi, ruhanini, dindarı qarışdırmaq istəmədikləri siyasət çox çirkin, murdar, nifrət və lənətə layiq siyasətdir
Arannews:nur-az.com-istinadən xəbər-Dekabrın 15-də AMEA (Azərbaycan Milli Elmlər Akademiyası), Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin birinci qurultayı keçirilib.
Amma təəssüflər olsun ki, gənc alimlərin qurultayı birbaşa prezidentə tabe olan nazirliklərin və AMEA-nın rəhbərliyi ilə baş tutub. Heydər Əliyevi ziyarət ediblər, İlham Əliyevin məktubu onlara oxunub, gənc alimlər öz məktubunu İlham Əliyevə oxuyub, İlham Əliyevi nəyi var mədh ediblər və s. və i.a.
Acınacaqlı vəziyyətdir. Təkcə bizim ölkəyə aid deyil əslində. Söhbət ondan gedir ki, dinin dövlətdən ayrı olduğu ölkədə qanunla din və din adamları, dini rəhbərlər dövlət işlərinə müdaxilə edə bilməməlidir. Bundan əlavə qeyri-rəsmi olaraq alimlərin, elm adamlarının, ziyalı təbəqənin də dövlət işlərinə müdaxilə etməsi qadağan edilib. Məsələn dinin dövlətə müdaxilə edə bilmədiyi ölkəmizdə dövlətin din üzərində ciddi nəzarəti var. İstər Dini Qurumlar olsun, istərsə də QMİ – hər ikisinin işi-gücü mövcud iqtidarın zülmlərini legitimləşdirməkdən ibarətdir. Elm sahəsi də bu gündədir. Məsələn, ötən seçkilərdə Milli Şuranın tərkibində "Ziyalılar birliyi" də var idi. Cəmil Həsənli (tarixçi alim) başda olmaqla bütün orada hakimiyyətə müxalif olan ziyalıları ləkələdilər. Halbuki Cəmil Həsənlinin Milli Məclisdə olan vaxtlarında yazdığı kitablara deyilənə görə indi onu bəyənməyən iqtidarda təmsil edilən insanlar ön söz, giriş ünvanında yazılar yazırdılar. (Bu kitablardan birini Qüdrət Həsənquliyev canlı efirə gətirib Həsənlinin əleyhinə arqument kimi istifadə etmişdi) Budur bizim elmə, ziyalıya verdiyimiz qiymət. Seçkilərdən öncə isə iqtidar bütün makinalarını işə salmışdı, hamısı söz bir edib elm əhlinin, ziyalının siyasətə qarışmaq əvəzinə gedib cəmiyyətə ziya saçması barədə danışırdılar. Bir nəfər tapılıb bu iylənmiş zehniyyətə bağıra bilmirdi ki, ay gədə, ziyalı siyasətə qarışmasa dövlət ziyasız, elmsiz, nursuz qalacaq. İkincisi də ki, axı sizi də dindirən də hərəniz özünüzü bir matah hesab edirsiniz. Bəs siz nə üçün siyasətə qarışırsız? (İqtidarda təmsil olunan hər kəsin tərcümeyi-halına baxsanız biri fəlsəfə doktorudur, o biri tarix elmləri namizədidir...) Niyə deyən yox idi, çünki bilirdilər ki, iqtidardakılar bu sözün müqabilində deyəcəkdilər ki, biz ziyalı idik işə qarışdıq, xarabladıq, siyasət bizi çirkinləşdirdi, murdar vəziyyətdəyik indi. Olan-qalan başımızı da itirmişik. Siz bu səhvə yol verməyin!
Çünki bu insanlar gözəl bililər ki, alimi, ruhanini, dindarı qarışdırmaq istəmədikləri siyasət çox çirkin, murdar, nifrət və lənətə layiq siyasətdir. Çünki bu cür siyasətdə nə din, nə də elm olmur. Dinin və elmin olmadığı Prezident Aparatında, Milli Məclisdə, Nazirliklərdə işıqlar daimi olaraq sönür. Necə ki, Azərbaycan buna bariz sübutdur. (İşləri-gücləri ancaq fırıldağ, aldatmaq, yaltaqlıq, rüşvət, qorxaqlı, ikiüzlülükdən ibarətdir) 
Yaxşı bəs Prezident Aparatanın rəhbərinin (siyasət adamının) elm məclisində nə azarı var? Nazirliklər nə üçün gələcəyin alimlərini indidən ləkələyir. (Əlbəttə, onların gerçək alim olub-olmadığını mən deyə bilmərəm, amma bir yerə iqtidar barmaq qoyursa xalqda nifrət oyadır)
Digər yandan bu gənc alimləri qınaya bilmirsən. Azərbaycanda alim, ruhani, həkim, cərrah, məhkəmə hakimi, nazir olmaq istəsən, hətta həbsdən çıxmaq istəsən gərək Heydər Əliyevin heykəli önündə ikiqat olasan, başqa çarəmi var? İqtidar bununla da bəlkə özünün alimlər şurasını, ziyalılar birliyini yaratmağa çalışır ki, Cəmil Həsənli kimi müxalifətçi alimlər kölgədə qalsın. Çünki QMİ-nin timsalında dini sahədə də bunu biz görürük. İqtidarı tənqid edən ruhanilər, dindarlar incidilir, həbs edilir, onun müqabilində dövlət özünü QMİ ilə "cici-bacı" göstərməyə çalışır. Qoy desinlər ki, dövlətin dinlə heç bir işçi yoxdur.
Azərbaycanda onsuz da belədir. Oxumasan da göyərti satan olacaqsan, oxusan da. Amma iqtidarın qılıncının altından keçsən hər iki halda başın göylərə ucalacaq. Ən azı bütün Respublikadakı göyərti biznesi (inhisarçılıq) sənin əlində olacaq. Bu yazıqlar da düşünüblər ki, bu qədər oxumuşuq, cəhənnəm, heç olmasa bir gün görək. 
Əlbəttə, ruhaninin, alimin siyasətə qarışmama məsələsi heç də məqbul deyil. Əslində dövlətin qanunu ilahi qanunlardan ibarət olmalıdır. İnsan kimdir ki, qanun yazsın, səsə qoysun, icra eləsin. Beş il sonra xoşuna gəlmədi dəyişsin, başqa qanun gətirsin. Ruhani ziyalısından başqa dünyəvi ziyalı da olmalıdır. İkisindən biri olmasa xalq ziya, nur üzünə həsrət qalar. Amma madam ki, Azərbaycanda ancaq çirkin, murdar siyasət yürütmək istəyirlər, o zaman gənc alimləri bu işə alət etməməlidirlər. 
Bu işdə qeyri-səlis məntiqinin banisi mərhum Lütfüzadə və onun tələbəsi, elmi varisi olan dəyərli alimimiz Rafiq Əliyev gözəl nümunədirlər. Lütfüzə ona görə nümunədir ki, onun qabağa getməsi, böyük alim olması üçün Azərbaycan iqtidarına möhtac olmadı. Amerikada yaşadı, özünün və oğlunun milyarder olduğunu saytlar yazır. Deməli, o Azərbaycan iqtidarının "əlinə baxmadı". (Rəhmətlik uzaqgörən olubmuş, bilirdi ki, Azərbaycanda alim olmaq çox yox, çox-çox çətindir. Ona görə də Azərbaycandan uzaqlaşıb və öz "şotuna" dolanıb) Əlbəttə, Azərbaycanda alim olmaq çox-çox çətin olsa da bu o demək deyil ki, mümkünsüzdür. Bu alimlərdən biri Rafiq Əliyevdir ki, o da elm əhlinə nümunədir. Nə iqtidarın əlinə baxıb, nə də seçkilərdə müxalifətə qoşulmadı. Hətta, Sərdar Cəlaloğlu seçkinin təşviqat-təbliğat kompaniyasında açıqca demişdi ki, Rafiq Əliyev demokratik qüvvələrin (Milli Şura) vahid namizədi olsaydı mən Milli Şurada təmsil olunardım. Amma Rafiq Əliyev özünün və başının dəyərini bilən adamdır. O gözəl bilir ki, Azərbaycan iqtidarının hamısını bir yerə yığsan düz-əməlli elmli insan ortaya çıxartmaq olmaz. Ona görə də bu cür iqtidarın Rafiq Əliyev kimi bir insanı alim kimi qələmə verib təsdiqləməsi Rafiq Əliyevin şəninə xələl gətirər.
Şəxsən mən Azərbaycanda hazırkı şəraitdə elm əhlinin bu həddə alçaldılmasının tərəfdarı deyiləm. Amma elm əhli də Rafiq Əliyev kimi mənəviyyatlı olmalı, öz başının qədrini bilməli, bu başda uca tutmalı, heç kimi yanında əyməməlidir.


  • Yazılıb
  • da (də) 2017 Dec 19
  • Göndərən مدير سايت Aran News