Aran Agentiliyi: Gürcüstanda yaşayan azərbaycanlı cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam edir.
Bu barədə Azadlıq Radiosuna F.Ceyranlının qızı Lalə Hüseynli məlumat verib. Onun sözlərinə görə, dekabrın 19-u və 20-də ittiham tərəfinin şahidlərinin ifadələri dinlənilib. Şahidlərin heç biri cərrahın əleyhinə ifadə verməyib.
L.Hüseynli deyib ki, cinayət işi üzrə məsuliyyət F.Ceyranlı ilə əlaqəli deyil:
«İşin materiallarına görə də, onun əleyhinə olan nüanslar mövcud deyil».
L.Hüseynli F.Ceyranlı barəsində seçilmiş həbs tədbirinin dəyişdirilməsindən ötrü yenidən gərəkli hüquqi addımların atıldığını bildirib.
Qızı deyib ki, bundan əvvəl də F.Ceyranlının girov əvəzində azadlığa buraxılması üçün vəkillərin müraciətləri olmuşdu. Ancaq həmin müraciətlər təmin olunmayıb:
“Məhkəmə hesab etdi ki, atam hələ məhkəmədə ifadə verməmiş şahidlərə təzyiq edə bilər. Şahidlərin dindirilməsi prosesi yekunlaşdığından, vəkillər yenidən atamın girov əvəzində azadlığa buraxılmasından ötrü müraciət edib. Həmin vəsatətə növbəti prosesdə baxılacaq”.
F.Ceyranlının məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.
Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.
1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.
O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lancet» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb. F.Ceyranlıya qarşı CM-in 247-ci maddəsinin 1-ci bəndi (həyat və sağlamlıq üçün təhlükəli olan informasiyanın gizlədilməsi), 180-cı maddənin 3-cü hissəsinin b bəndi (kütləvi dələduzluğa cəhd) ittihamı irəli sürülüb.
Müdafiə tərəfi bildirir ki, F.Ceyranlı «Lancet» klinikasının həmtəsisçisidir və ittiham üzrə məsuliyyət daşımır.
Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat da yaymışdılar. Həmin bəyanatda vurğulanırdı ki, F.Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.