''Yola saldığımız il bahalaşma ili oldu''
“Ötən illə müqayisədə 2017-ci il Azərbaycan iqtisadiyyatı bir az da kiçildi”.
Bunu 2017-ci ilin nəticələri ilə bağlı Meydan TV-ə danışan, iqtisadçı Nemət Əliyev deyib.
2017-ci ildə ölkə iqtisadiyyatı zəiflədi, əhalinin həyat səviyyəsi pisləşdi
İqtisadçı deyir ki, ölkədə baş verən neqativ iqtisadi proseslər əhalinin durumunun ağırlaşması ilə müşahidə olundu:
“İstehlak bazarının daralması və yerli istehsalın kəskin azalması ölkə daxilində qiymətlərin kəskin artmasına gətirib çıxardı. Rəsmi açıqlamalara görə, 13,4 faiz bahalaşmanın fonunda orta aylıq əmək haqqları rəsmi 6,4 faiz artdı. 2017-ci ildə ölkə iqtisadiyyatı zəiflədi, əhalinin həyat səviyyəsi pisləşdi, bu il əlverişli il kimi istifadə edilə, yadda qala bilmədi. Sadəcə Azərbaycan əhalisinin sosial həyatının pisləşməsi kimi yadda qaldı”.
Sənayedə, tikintidə, kənd təsərrüfatında tənəzzül yaşandı
N.Əliyev deyir ki, ölkənin ən böyük sahəsi olan neft-qaz sənayesində tənəzzül yaşandı.
“Xam neftin istehsalı üzrə 11 aylıq həcmdə 2,3 milyon ton azalma oldu. Təbii qazın hasilatında da vəziyyət oxşardır. Elektrik enerjisi istehsalı, tikinti və eləcə də, kənd təsərrüfatı sahəsində də tənəzzül yaşandı”.
İdxal dövriyyəsində 18, ixrac dövriyyəsində isə 8 faiz azalma olub
İqtisadçı qeyd edib ki, Azərbaycan iqtisadiyyatında bu cür neqativ proseslərin baş verməsi xarici ticarət sektoruna da təsir etdi.
“Statistika Komitəsinin açıqladığı məlumatlardan bəlli oldu ki, idxal dövriyyəsində 18, ixrac dövriyyəsində isə 8 faiz azalma olub. Şübhəsiz ki, idxal dövriyyəsində olan kəskin azalma bütövlükdə ölkənin əmtəə dövriyyəsinin azalması ilə müşahidə olundu”.
Kəskin qiymət artımının şahidi olduq
ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, 2017-ci ildə bir neçə istiqamət üzrə yaddaqalan və makroiqtisadi göstəricilərə təsir edən hadisələr baş verdi:
“Bank sektoru ilə bağlı neqativ hadisələr oldu. “Beynəlxalq Bank”ın 10 milyard manata yaxın daxili öhdəlikləri, 3,3 milyard dollar da xarici öhdəliklərini dövlət öz üzərinə götürdü. Ümumiyyətlə, bundan sonra bank sektoru hələ də özünə gələ bilməyib. Durğun, ölü vəziyyətindədir. İqtisadi aktivlikdə rolu yoxdur. Nə kreditləşməni başlaya, nə də verdiyi kreditləri toplaya bilir. Problemli kreditlərin həcmi artıb”.
İqtisadiyyatda durğunluq davam edir
O, bildirir ki, 2017-ci ildə rəsmi inflyasiya 14, ərzaq inflyasiyası isə 18 faiz olub:
“Bu, çox böyük göstəricidir. İnsanların real gəlirlərinə, dolanışığına təsir edən əsas göstəricilərdən biridir. Ümumdaxili məhsul da azalmaqda davam etdi. Düzdür, ötən ilə nisbətən azalmanın sürəti aşağı düşdü, ancaq dayanmadı. Ötən il 3,8 faiz idi, bu il 0,4-0,5 faiz qeydə alınacaq. İqtisadiyyatda durğunluq davam edir”.
Natiq Cəfərli bu il baş verən müsbət hadisələrə də toxunub. Deyir, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq tranzit məkana çevrilməsi istiqamətində addım ola bilər:
“Sentyabrda beynəlxalq konsorsium neft müqaviləsi oldu. Bu da pozitiv hadisədir. Azərbaycan iqtisadiyyatına əlavə investisiyaların gəlməsinə şərait yaradacaq”.
Digər məsələ kimi, o, inzibati qaydada olsa belə, manatın dollar qarşısında məzənnəsinin sabit qalmasını göstərib.
“Düzdür, digər valyutalara qarşı, xüsusən də avroya qarşı manat 12 faiz dəyərdən düşdü. Ancaq dollar qarşısında məzənnəni sabit saxlaya bildilər. Bütün bu pozitiv addımların arxasında dayanan neft faktorudur. Neftin qiyməti bu il keçən ilə nisbətən 30 faiz artdı. Bu həm gəlirləri artırdı, həm də hökumətin daha rahat addımlar atmasına imkan yaratdı”.
Bu il heyvandarlığa ciddi ziyan vuruldu
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, 2017-ci ildə hökumət kənd təsərrüfatı sahəsində xeyli fərmanlar, sərəncamlar, qərarlar verdi, yol xəritəsi və s. hazırladı. Bu sahəyə külli miqdarda maliyyə resursu ayırdı:
“Ancaq bunlar kənd təsərrüfatının inkişafına yox, müəyyən maraqlara xidmət etdi. Hökumətin inkişaf etdirməyə çalışdığı bir sahə də pambıqçılıq idi. Biz Sovet dönəmində də bu sahədən bir xeyir görməmişdik. İndi də yenə həmin yola əl atıldı. Üstəlik, pambıq sahələrini örüş sahələri və təbii biçənək, yonca ərazilərinin hesabına genişləndirdilər. Bu da heyvandarlığa ciddi ziyan vurdu”.
2017 əksər kənd təsərrüfatı məhsullarının bahalaşması ili kimi də yadda qaldı
Vahid Məhərrəmov deyir ki, hazırda yoncanın bir kipi 6 manatadır. Halbuki 2 il öncə 2,5 manat idi. Bu da həm süd, həm də ət məhsullarının bahalaşmasına gətirib çıxardı:
“Ümumiyyətlə Kənd Təsərrüfatı Nazirliyinin və hökumətin qarşısında duran bir nömrəli məsələ ölkənin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməkdən ibarət olmalıdır. Təəssüf ki, 2017-ci ildə də ölkə özünü ərzaq malları ilə tam təmin etməyə nail ola bilmədi. Yenə idxaldan asılı vəziyyətdə oldu. Nəticədə 2017-ci il əksər kənd təsərrüfatı məhsullarının daha da bahalaşması ili kimi də yadda qaldı. Təkcə ətin qiyməti 16 faiz bahalaşıb. Bu da ondan xəbər verir ki, məhsul istehsalında da azalma var”.
Hökumət bazar iqtisadiyyatının mahiyyətini anlaya bilməyib
Vahid Məhərrəmov deyir ki, bu, gələcək üçün də ciddi problemdir. Çünki hökumət bazar iqtisadiyyatının mahiyyətini hələ də anlaya bilməyib:
“Azərbaycan mövcud resurslarından istifadə etməklə daha keyfiyyətli, daha rəqabət qabiliyyətli məhsul istehsal etməlidir. Ancaq edə bilmir. Məsələn, uzun müddətdir taxılçılığın inkişafına külli miqdarda vəsait ayrılır, ancaq ərzaq buğdasına olan tələbatımız idxal hesabına ödənir. Azərbaycan ətə, südə, yumurtaya olan ehtiyacını ödəyə bilmir. Ümudünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normalar var. Həmin normalara görə il ərzində bir nəfərə ət istehlakı 84 kq olmalıdır, Azərbaycanda isə idxalla birlikdə 33 kq-dır, süd istehlakı 360 litr olmalıdır, bizdə isə 280 litrdir, yumurta istehlakı 280 ədəd olmalıdır, Azərbaycanda bunun yarısı qədər istehsal olunur. 2017-ci ildə də bu göstəricilərdə dəyişiklik olmayıb. Baxmayaraq ki, bu sahəyə maliyyə resursu ayrılıb. Ancaq məhsuldarlıq hər il aşağı düşür. Bu il də həmin illərdən biridir. Kənd təsərrüfatı kompleks, sistemli yanaşmanı tələb edir. Hökumət isə bunlardan xəbərsizdir”.