Tarix : 2017 Dec 22
Kod 53829

Dövlət idarəçiliyində Pavlov təlimi

“Azərbaycan” gəmisi tədricən batır

“Youtube” çox maraqlıdır. Orada tez-tez zahirən əyləncəli, əslində çox dərin məzmunlu çarxlar peyda olur. Bu yaxınlarda bir çarxa baxdım və dövlətimizin idarəçiliyində hansı mütəfəkkirin zəka mirasından daha çox istifadə edildiyini anladım.
Aran Agentiliyi:  “Youtube” çox maraqlıdır. Orada tez-tez zahirən əyləncəli, əslində çox dərin məzmunlu çarxlar peyda olur. Bu yaxınlarda bir çarxa baxdım və dövlətimizin idarəçiliyində hansı mütəfəkkirin zəka mirasından daha çox istifadə edildiyini anladım.
Videoçarx iri planda çəkilib. Uşaq kətilində bir yaşlı uşaq əyləşib. Ana onu yedizdirir, ekranda ana özü yox, ananın əlində tutduğu çəngəl və çəngələ taxılmış bir tikə ət görünür. Ekranda uşağın üzü və bir təlim görmüş itin başı mərkəzi yer tutur. Ananın səsi gəlir:
“De, ma-ma”. Uşaq “mama” demir, elə hey itin başına qapaz endirir. İt səbrlə dözüb gözünü ət tikəsindən çəkmir və yazıq-yazıq zingildəyir. Ana təkrar deyir: “De, ma-ma”! Tifil anasına məhəl qoymadan iti qapazlayır, it isə qapazlara məhəl qoymadan gözünü ət tikəsindən çəkmir və pəsdən zingildəyir.
Hamıya bəllidir ki, it insan dilində danışa bilmir, ya hürə, ya ulaya, ya da zingildəyə bilir.
Videoçarxdakı itə ətin şövqü elə ilham verdi ki, it gözlənilmədən “mama!” dedi. Ana da bilaixtiyar çəngəldəki əti itə verdi. İt əti nəzakətlə ağzı ilə çəngəldən götürdü və başı ekrandan itdi.
İndi deyin görüm, bu videoçarxdakı süjet sizə nəyi xatırladır?
Ay sağ olun, bizim dövlətimizin kadr siyasətinin təməl prinsiplərini.
Bizim vətəndaşlar, cüzi istisnalarla, çəngələ taxılmış yem təşnəsidirlər.
Niyə? Çünki bizim dövlətin quruluşu əzəldən elə qoyulub ki, vicdanlı fiziki və ya əqli əməklə layiqli həyat tərzi sürmək mümkün deyil. Yaşaya bilərsən, amma sıxıntı və ehtiyac içində. Yüksək maaş və ya gəlirli vəzifə istəyirsənsə, mütləq gərək dilinə əsla yatmayan “mama” sözünü tələffüz edəsən.
Bu “ma-ma” sözü müasir kadr siyasətimizdə Azərbaycan dilinə necə tərcümə edilir? Çox sadə. Bunun bir neçə dəmir şərti var.
Əvvəla, gərək dövlət siyasətinə yalnız müsbət yanaşasan. Dövlətdə hər nə baş verirsə, müsbət hadisədir.
-Amerikada kilometri 5 milyon dollar olan yol bizdə 15 milyona çəkilirsə, bu, əladan da əladır və dövlətimizin analoqu olmayan iqtisadi siyasətinin parlaq sübutudur!
- Kutaisidən Berlinə təyyarə bileti yüz avroya, Bakıdan Berlinə üç yüz avroyadırsa, eşq olsun “AZAL”a!
-Gələcək nəsillər üçün yığılmalı neft pullarını prezident sağa-sola havaya sovurursa, bu ki, çim yağdır. Təşəkkür edirik, əlahəzrət!
-Cəmiyyətdə bütün tənqidi düşünən və danışan insanlar məhbəslərə atılırsa, bu barədə danışmaq sadəcə ədəbsizlikdir.
-Hakimiyyət Qarabağın düşməndə qalması üçün əlindən gələni edirsə, əhsən ona!
-Dövlət cihazını yuxarıdan aşağı bürümüş korrupsiya əslində müstəqilliyimizin birinci nişanəsidir!
-və sairə və ilaxıra.Buna bənzər sadalamalarla beş dəftər doldurmaq olar.
Bu birinci şərtə əməl etdinsə, bu, çox da böyük qəhrəmanlıq deyil. “Millət necə tarac olursa olsun, nə işim var...” Ölkə əhalisinin mütləq əksəriyyəti belə yaşayır və davranır.
Kütlədən fərqlənmək üçün ikinci şərtə əməl etməlisən. İkinci şərt ibarətdir:
-Təriflə və yaltaqlan. Bayağı tərif keçmir. Tərif yüksək bədii zövqlə edilməlidir. Analoqu olmayan təriflərin xüsusi qiyməti var.
-Daima çığır ki, dünyada istənilən bihesablığı böyük həvəs və qürurla etməyə amadəsən!
-Əgər kimsə Vətən və millət naminə müsbət bir iş görürsə, mütləq ona hücum et, onu lağa qoy, ələ sal, təhqir et!
İkinci şərtə uğurla əməl edənlər artıq susan və mələyən kütlədən seçilib adları xüsusi dəftərə düşməyə layiq olan məxluqatdır. 
çüncü şərt də var ki, o da müstəqilliyimizin nişanələrinə hörmət sayılır və onsuz cox nadir kadr təyinatı baş verir.
Böyük əzm, səbat və ardıcıllıqla yürüdülən kadr siyasətinin nəticəsində hasil olunur müasir Azərbaycanın dövlət cihazı, hansı ki, ibarətdir bütün bu şərtlərə tam cavab verən məxluqatdan.
Onlar islahat sularında batmır, vicdan alovlarında yanmır, müasirlik küləklərinə əyilmir, möhkəmlikdə poladdan, çeviklikdə rezindən üstündür. Onlar hakimiyyətə hədsiz, sözün əsl mənasında, heç nə ilə məhdudlaşmayan dərəcədə sadiqdirlər.
Bu analoqu olmayan sədaqət sahiblərini seçmək o qədər də asan olmamışdır.
İlkin seçim Nobel mükafatı laureatı, məşhur fizioloq İvan Pavlovun şərti refleks təlimi əsasında edilmişdir. Yəni məxluqun ağzına yuxarıda təsvir etdiyimiz videoçarxdakı kimi, qida (oxu: pul, vəzifə, ənam, təltif və s.) yaxınlaşdırılmışdır və əgər o, yuxarıda qeyd etdiyimiz şərtlərə riayət edərək “ma-ma” demişsə, sonra isə üçüncü şərti də, xüsusilə seçilən miqyasda icra etmişsə, onun yeri behiştlikdir, yəni dövlət cihazının yuxarı pillələrindən birindədir.
Məhz belə kadrların sayəsində Azərbaycan dövləti qibtəediləsi möhkəmlik nümayiş etdirir.
“Azərbaycan” gəmisi tədricən batır, lakin komanda böyük ruh yüksəkiyi ilə mahnı oxuyub rəqs edir, çəpik çalır, alqış söyləyir və dövlətimiz üçün cox vacib sayılan sairə vacib mərasimləri icra edir.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.
  • Yazılıb
  • da (də) 2017 Dec 22
  • Göndərən مدير سايت Aran News
Açar sözlər