Arannews:nur-az.com-Nardaran hadisələrindən sonra həbs olunub, ondan artıq ağır maddələrlə suçlanan 12 nəfərdən ibarət daha bir qrupun məhkəməsi yekunlaşmaq üzrədir.
Aralarında “Müsəlman Birliyi” hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımovun da olduğu bu 12 nəfər 2017-ci ilin yanvarından Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Şərti olaraq, “Nardaran işi-2” adlandırılan bu işdə məhkəmə istintaqı yekunlaşıb, prokuror təqsirləndirilən şəxslərə 13 ildən 16 ilə qədər həbs cəzası verilməsini istəyib. Hazırda bu prosesdə vəkillərin müdafiə çıxışı mərhələsidir.
Dekabrın 22-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslərdən ikisinin – Əli Şahbazov və Əmirəli Əliyevin vəkili İradə Cavadova çıxış edib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi hər iki şəxs günahsız, onlara verilən terrorçuluq, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama və s. ittihamları isə saxtadır.
“Dövlət hesabına vəkillər heç bir iş görməyib”
İradə Cavadova deyir ki, bu adamlara ibtidai istintaq dövründə dövlət hesabına təyin edilən vəkil onların müdafiəsi üçün heç bir iş görməyib. Hətta Əmirəli Əliyev dövlət hesabına təyin olunmuş vəkilin müdafiəçi kimi üzərinə düşən vəzifəni yerinə yetirməməsindən müvafiq orqanlara şikayət məktubu da göndərib.
Söhbət Vəkillər Kollegiyasının üzvləri Aytən Əliyeva, Aydın Əliyevdən gedir.
“Əmirəli Əliyev ifadəsində də bildirdi ki, dekabrın 3-də 30 nəfərə yaxın maskalı şəxs onun evinə basqın edib. Üç oğlu ilə birlikdə onu tutub aparıblar. O, övladlarını buraxılması müqabilində istənilən sənədə qol çəkməyə razılaşıb. Beləliklə, övladları ilə hədə-qorxu gəlib, ondan törətmədiyi cinayətlə bağlı etirafedici ifadəyə imza atdırıblar. Onun imzaladığı ifadələri müstəntiq yazıb. Bu adam özü yazıb-oxuya bilmir. Təəssüf ki, Əmirəli Əliyevə dövlət hesabına təyin olunmuş vəkil heç bir addım atmayıb – nə bir vəsatət qaldırıb, nə də ona qarşı qanun pozuntuları ilə bağlı harasa şikayət edib. Əmirəli Əliyev bildirir ki, onun barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılarkən məhkəmədə vəkil iştirak etməyib. Amma necə olubsa, Aytən Əliyeva adlı vəkil həmin gün guya, Əmirəli Əliyevlə bağlı istintaq hərəkətlərində iştirak etməsi haqda sənədlərə imza atıb”, – İradə Cavadova bildirib.
Digər müvəkkili Əli Şahbazovun da ibtidai istintaq dövründə dövlət hesabına təyin olunmuş vəkil tərəfindən keyfiyyətli müdafiə olunmadığını deyən İ.Cavadovanın sözlərinə görə, o da təzyiq və hədə-qorxu altında etiraf xarakterli ifadələri imzalamaq məcburiyyətində qalıb:
“Necə ki, Əmirəli Əliyev övladlarını qorumaq üçün protokolu imzalayıb, Əli Şahbazov da yaşlı atasına görə eyni addımı atıb”.
“Ən dəhşətlisi qanun adı altında törədilən ədalətsizlikdir”
Vəkil deyir ki, hüquqlarını müdafiə etdiyi şəxslərin evlərindən silah-sursat, “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabça tapılması haqda iş materiallarında yazılanlar yalandır. Müdafiəçinin sözlərinə görə, sözügedən kitabça ümumiyyətlə, mövcud olmayıb, onu sonradan kustar üsulla hazırlayıb, iş materiallarına əlavə ediblər: “Beş səhifəlik həmin kitabçada guya, Taleh Bağırovun çağırışları yer alıb. Orada “Nardaranda baş verənlər”, “Elman Ağazadəyə, Elçin Qasımova edilən zülmlər” ifadələri yer alıb. Nardaranda noyabrın 26-da əməliyyat keçirilən gün Taleh Bağırov həbs olunub. Elman Ağazadə də ondan bir neçə gün sonra həbs edilib. Taleh Bağırov hadisələri necə öncədən görüb, onları bu kitabçaya daxil edə bilərdi? Deməli, Taleh Bağırov bu kitabçanı həbsindən sonra saxlandığı təcridxananın zirzəmisində yazıb, ya da onu başqa adamlar məqsədli şəkildə hazırlayıb, iş materiallarına əlavə ediblər. İndi də belə qələmə verirlər ki, guya, təqsirləndirilən şəxslərin hamısının evindən çıxıb”.
Hüquqlarını müdafiə etdiyi şəxslərin barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyən vəkil çıxışının sonunda hakimlərə çağırış edib: “Aristotel deyirdi ki, bütün ədalətsizliklər arasında ən dəhşətlisi qanun adı altında törədilən ədalətsizlikdir. Mən sizi ədalətli olmağa çağırıram”.
Məhkəmə dekabrın 25-də digər vəkillərin çıxışları ilə davam edəcək.