Arannews:nur-az.com-Mövzuya giriş etməzdən əvvəl oğlunun vəfatı ilə bağlı şair Fikrət Qocaya və ailəsinə başsağlığı veririk. Allah səbr versin, zalımları da öz cəzasına çatdırsın.Fikrət Qocanın oğlu vəfat edib. Üç nəfər namərd bir nəfərin (şairin oğlunun) üstünə düşüb onu döyə-döyə öldürüblər. Oğul dərdi atanın belini bükəcək, onu hətta cavan yaşında qocaldacaq qədər ağır dərddir. Fikrət Qoca isə "Qoca" ləqəbini 82 yaşında almayıb. O cavanlığından "Qoca"dır. Biz onu elə "Qoca" görmüşük. Çünki şair ömrü qoca olur. 15 yaşında şeir yazmağa başlasa da ruhu qoca olur. Öz həmyaşıdlarıyla orda-burda oynamaq əvəzinə, bir kənara çəkilib xalqın bütün dərd-sərini 15 yaşlı ürəyinə yükləməyə çalışır. Ürək dözərmi buna? Xeyir, dözməz. Amma Fikrət Qocanın ürəyi dözdü. Çünki onun əlinə qələm götürüb xalqın dərd-sərindən yazmasını görməmişik. Əksinə, Azərbaycan iqtidarına, biləxəss Heydər və İlham Əliyevlərə hər fürsətdə yarınmağa çalışıb. Onların siyasətini dəstəkləyib, şairə xas sürətdə tərif edib, xüsusən də gəncliyin İlham Əliyev sayəsində irəli getdiyini çox deyib. Bir sözlə saray şairi olub. Onun – internet saytlarına baş vursanız – İlham Əliyevin gənclərə olan qayğısı və dövlət tərbiyəsi ilə bağlı dedikləri mövcuddur. Amma övladını öldürən üç nəfər də cavan oğlan imiş.
82 yaşlı Fikrət Qoca xalqın dərd-sərindən, ədalətsizliyə məruz qalmasından, ölkədəki haqsızlıqdan yazmadığı üçün indiyədək qocalmamışdı. Amma bir hadisə ilə qocaldı. Allah özü kömək olsun.
İşin ən dəhşətli hissəsi budur ki, ürəyi dağlı ata oğlunu öldürənlərin məhkəməsində iştirak etməyib, məhkəmə hakiminin çıxardığı qərarı jurnalist bir qızın ona telefon danışığında deməsindən öyrənib. Bu isə demək olar ki, ona ikiqat üzüntü gətirib. Çünki alçaq, bəli, alçaq, üzü tüpürcəkli, şərəfini pula satan hakim onun oğlunun qatilinə 5 il hökm kəsib. 5 il. Halbuki Fikrət Qocanın öz məqaləsində yazdığına görə prokuror qatilə 19 il istəmişdi. Bəli, növbəti ədalətsizliklə qarşı-qarşıyayıq.
Məlumdur ki, Fikrət müəllimin uzun illərdir mədh elədiyi İlham Əliyevin ölkəsində ancaq İlham Əliyevi tənqid edənlərə uzunömürlü hökm oxunur. Məsələn, ruhani və dindarlar ancaq tənqid etdiklərinə, ədalətsizliklə barışa bilmədiklərinə görə həbs ediliblər. Eləcə də digər vicdan və siyasi məhbuslar.
Fikir verin, bu yaxınlarda baş nazirin müavini Əli Həsənovun nəvəsi də maşınla adam öldürmşdü, amma ona da 6 il iş verdilər. Azərbaycanda uzunömürlü hakimiyyət davam etdikcə ədalətsizliyin, ədalət istəyənlərinin həbsinin ömrü də uzun çəkəcək. Əlbəttə ki, əgər xalqın sükutu uzun çəksə.
Fikrət Qoca yazır ki, məhkəmə işiylə maraqlanmayıb. Çünki nə olur olsun, oğlu geri dönməyəcək. Məhkəmə qərarı ilə də oğlunun məzarı başında tanış olub. Amma digər tərəfdən oğlu üçün az iş görmədiyi də bəllidir. Deyir ki, oğlu baş nazirin köməkçisi vəzifəsində, sonra XİN başçısının köməkçisi, daha sonra Ukraynada Azərbaycan səfirliyində birinci katib kimi işləyib. Əsas nöqtə isə budur: "Bir dəfə nazirlə görüşdüm. Söz verdi, sonra yadından çıxdı. Bir neçə tanışımla, dostum bildiyim adamla görüşdüm, hamısı söz verdi, unutdu." Bəli, bax, bu görüşmələr, tanışlar, söz vermələr bu xalqın evini yıxıb. Görünür Fikrət Qocanın evini yıxan da elə bu olub. Çünki o biri tərəfdən o şərəfinə tüpürən hakimin də otağına giriblər, onunla görüşüblər, tanışlar tapıblar. Yoxsa hansı ağıllı adam adam öldürən şəxsə 5 il hökm oxuyar? Deməli, cəmiyyəti özümüz pozmuşuq, günahkar özümüzük.
Azərbaycanda məhkəmələrin məhkəmə yox, açıq bazar, zülm mərkəzi, hakimlərin hakim yox beş manata vicdanını satan, üzü tüpürcəkli olması (istisnalar varsa öz yerində) məlumdur. Amma Fikrət Qoca gərək vaxtında ruhani və dindarlara, vicdan məhbuslarına uzun müddətli iş kəsən hakimlərin qulağını öz qələmiylə kəsərdi. Kəssəydi, indi bu cür olmazdı. Bir ataya övladının qatilinə 19 il yox, 5 il hökm oxunması necə ağırdırsa, bir azyaşlı uşaq üçün də atasının "hicaba azadlıq verin" dediyi üçün yaşının yarısı qədər həbsə məhkum edilməsi ondan da ağırdır. Körpə uşaqlar atalarının üzünə həsrət qalanda bu vəziyyət barəsində düşünülməli idi.
Bu xalqın bəlası odur ki, o, ancaq öz övladını öz balası hesab edir, amma qonşunun, onun-bunun övladı cəhənnəmə olsun, təki mənim işim getsin.
Hələki ədalətsiz hakimiyyət, ədalətsizliyimiz, sükutumuz uzun ömürlüdür. Bir də Fikrət Qocaya da Allah-Təala uzun ömür (82 il) verib. Amma onun uzun ömrü uzun sükutla müşayət ediləcəksə, hələ çox ədalətsizliklərin şahidi olacaq.
Mən fikirləşirəm ki, Fikrət Qocanın əgər yaxşı pulu olsaydı məhkəmənin işinə laqeyd qalmazdı.
Hə, bir də az qalmışdı yaddan çıxsın; Şəxsən məni kövrəldən bu sözlərə fikir verin: "Amma bir təsəllim var, hamı axırda ölür. Deyirlər orda sorğu-sual olur. Görəsən, ordakı hakimlər də belədir? Burdakı hakimlər də orda məhkum stulunda oturacaq. Haqq incəlir, üzülmür." Fikrət Qocanın sözləridir. Fikrət müəllim, orda hakim, sorğu-sual filan olmur. Biz gedib orda hakim, sorğu-sual düzəldirik. Çünki dünyada adam kimi yaşaya bilmirik. Allah cənnətin qapılarını üzümüzə açdığı halda biz oranın müdiriyyətinə "əziyyət veririk". Çünki Allah qəmli vaxtlarda yadımıza düşür. İndi özünüz etiraf etdiniz ki, İlham Əliyev haqqında yağdırdığınız təriflərin hamısı boş şeydir, həqiqəti, əsli yoxdur. Çünki bir məzlum ata öz dövlətinin hakimlərinin şərrindən o dünyanın hakimlərinə pənah aparıb, bundan təsəlli alırsa, bu sözün, həyatın bitdiyi yerdir.
P.S. Dərdli günlərinizdə baş ağrısı verdimsə, üzür istəyirəm.