Tarix : 2017 Dec 23
Kod 53833

Görün DEMOKRATİYA kimlərin ümidinə qalıb

BMT Baş Assambleyasında Qüdslə bağlı səsvermə keçirildi.
Arannews:islamazrei.com-istinadən xəbər-Keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı ləğv edildi. Səsvermədə BMT üzvü olan 192 ölkədən qətnamənin lehinə 128, əleyhinə 9 ölkə səs verdi, 35 ölkə bitərəf qaldı, 21 ölkə isə səsvermədə iştirak etmədi. Bu səsvermənin nəticəsi onu göstərdi ki, Trampın qərarı beynəlxalq birlik tərəfindən qəbul edilmir.
Qətnamənin əleyhinə səs verənlər ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau və Toqo oldu. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qaldı.
Gürcüstan, Ukrayna, Moldova, Monqolustan, Türkmənistan, Mərkəzi Afrika Respublikası da daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.
Bir dövlət ki, adi bir hədə nəticəsində özü ilə eyni mövqedə olan Fələstinin ərazilərinin işğalına göz yumur, onda hansı haqla Krımdan, Abxaziyadan, Osetiyadan, Dnestryanı ərazilərdən danışır?
Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.
Qeyd etmək yerinə düşərdi ki, BMT bütün tarixi ərzində 10 dəfə fövqəladə toplantı keçirib. Həmin toplantılar bunlardır:
- Yaxın Şərq (1958 və 1967);
- Macarıstan (1956);
- Süveyş böhranı (1956);
- Əfqanıstan (1980);
- Fələstin (1980 və 1982);
- Namibi (1981);
- İşğal edilmiş ərəb əraziləri (1982);
- Şərqi Qüds və işğal edilmiş Fələstin ərazilərində İsrailin qeyri-qanuni hərəkətləri (1997).
1997-ci ildə başlayan bu sonuncu fövqəladə iclas hələ də rəsmi olaraq başa çatmayıb. Assambleya onun işini müvəqqəti olaraq dayandırıb və üzv dövlətlərin istəyi ilə  Assambleya sədrinə onun işinin bərpası səlahiyyəti verilib. 
O vaxtdan işğal olunmuş Fələstin ərazilərində İsrailin qanunsuz hərəkətləri ilə əlaqədar dəfələrlə - 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004 və 2006-ci illərdə toplantı keçirilib.
Bu səsvermə prosesində diqqət ediləsi iki əsas məqam var. Birinci məqam ABŞ prezidenti Donald Trampın səsvermədən öncəki hədəsi, ikinci məqam isə əleyhinə və bitər səsi verənlər, o cümlədən səsvermədə iştirak etməyən ölkələrlə bağlıdır.
Tramp səsvermədən bir gün öncə BMT-nin Baş Assambleyasında müzakirə ediləcək Qüdsün statusu ilə bağlı məsələyə münasibətdə Amerikanın mövqeyini dəstəkləməyən ölkələri maliyyə yardımının kəsiləcəyi ilə hədələyərək, “onlar bizdən milyonlarla, hətta milyardlarla dollar vəsait alır, sonra isə əleyhimizə səs verirlər. Əladır, qoy səs versinlər – biz bunu nəzərə alıb xeyli pula qənaət edərik. Bu bizi narahat etmir”, - deyə bildirmişdi.
Diqqət yetirdinizsə, bu, hədə tonudur. Hədələyən isə özünü demokratiyanın beşiyi adlandıran, özünü demokratiyanın müdafiəçisi kimi qələmə verən bir ölkənin başçısıdır. 
Bəs harda qaldı azadlıq, demokratiya? Məgər səsvermə azad deyil, hər kəs və ya hər ölkə öz seçimini edə bilməz? Tramp tərəfdən baxanda yəqin ki, bu mümkün deyil. Siyahıya baxanda da əslində əleyhinə səs verən ölkələrin barmaq işarəsi ilə oturub durduğu görünür. Elə bitərəflər və səsvermədə iştirak etməyənlərin əksəriyyəti də bu qəbildəndir: Toqo, Nauru, Palau, Benin, Butan, Kiribati, Tonqa, Timor, Samoa, Kenya və sair.
Bu siyahını uzatmaq da olar, amma əhəmiyyətsizdir. Çünki sözügedən ölkələrdəki yaşayış səviyyəsinə diqqət yetirdikdə, bunu aydın görmək olar. Amma iş orasındadır ki, məhz əlaltısı olduqları ölkə, yəni ABŞ onların yaşayış səviyyəsinin yüksəldilməsində maraqlı deyil. ABŞ-ın onlara ayırdığı maliyyə isə, hansı ki, Tramp verməyəcəyi ilə hədələyir, xalqın rifahı üçün deyil, buyruq qulu olan dövlət başçısının cibi üçündür.
Bu da hamısı deyil. Qətnaməyə səs verənlərin siyahısında da maraqlı adlar var. Ola bilsin kimsə düşünsün ki, səsvermədə iştirak etməyiblər, mövqe göstərməyiblər. Amma siyahıya baxanda həmin ölkələrin hansı dərəcədə müstəqil olduqları aydın görünür. Bu ölkələrdən biri 1991-ci ildən Dnestr çayının şərqdəki ərazilərində qondarma Dnestryanı Moldova Respublikası qurulmuş Moldovadır. Digəri Abxaziya və Osetiya kimi problemləri olan qonşumuz Gürcüstandır. Biri isə Krım boyda ərazisi Rusiya tərəfindən ilhaq edilmiş Ukraynadır. 
Bu o deməkdirmi ki, Moldova, Gürcüstan və Ukrayna ərazilərinin işğalı ilə razıdırlar? Axı qətnamədə Qüdsün işğalı pislənilir. Bəs harada qaldı müstəqil, demokratik dövlət iddiaları? Bir dövlət ki, adi bir hədə nəticəsində özü ilə eyni mövqedə olan Fələstinin ərazilərinin işğalına göz yumur, onda hansı haqla Krımdan, Abxaziyadan, Osetiyadan, Dnestryanı ərazilərdən danışır? Sadəcə bir hədə hər şeyi həll etdi. Bu həm də bir daha onu göstərdi ki, ABŞ BMT qərarlarını saymayacaq dərəcədə hegemondur. Əgər saysaydı, BMT qərarının əksinə olaraq İraqı işğal etməzdi, əgər saysaydı, dərhal Qüdslə bağlı qərar ləğv edilərdi. İsrail də saymır. Əgər saysaydı - 10 fövqəladə toplantıdan 3-ü onun barəsində keçirilib və sonuncusu hələ də başa çatmayıb - tələb olunanları yerinə yetirərdi. Heç Ermənistan da saymır. Əgər saysaydı, BMT tərəfindən Qarabağ barədə qəbul edilmiş 4 qətnaməni yerinə yetirərdi. 
Görünən budur ki, BMT-ni ümumiyyətlə heç kəs saymır. BMT sadəcə olaraq kiçik ölkələrdən xərac alıb, böyükləri yedirtmək üçün fəaliyyət göstərir.
Sonuncu məqam isə ümumilikdə səsvermədə iştirak etməyən, əleyhinə səs verən və bitərəf qalanlarla bağlıdır. Bu 3 siyahıda olan 65 dövlətin içərisində 4-5 sanballı dövlət var, qalanlarının 90 faizinin heç xəritədə yerini bilən yoxdur. ABŞ həmin siyahıya baxsa, kimlərin ümidinə qaldığını yaxşı görə bilər. Amma görünür baxmaq istəmir. Əgər baxsaydı utandığından ziyafət təşkil etməzdi.
 BŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib ki, ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək. O, həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda təşkil olunacaq tədbiri “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafətiadlandırıb. Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək.
Məhz bu dəvət və ziyafətin adı yuxarıda dediklərimi təsdiq edir: ABŞ-ın hədəsindən qorxanlar əleyhinə səs verdi, bitərəf qaldı və səsvermədə iştirak etmədi.

  • Yazılıb
  • da (də) 2017 Dec 23
  • Göndərən مدير سايت Aran News