İraqın şimalında, Süleymaniyə vilayətində yerləşən Ranya şəhərinin sakinləri yerli hakimiyyət orqanına qarşı etiraz aksiyası keçirib, hazırkı rəhbərliyin istefa verməsini və korrupsiya ilə ciddi mübarizənin aparılmasını istəyiblər.
Arannews-İraq Kürdüstanında bir çox şəhər 18 dekabrdan bəri yerli idarə hökumətinə qarşı etiraz aksiyalarının şahididir. Xalq yerli rəhbərliyi korrupsiyada və dövlət qulluqçularının əmək haqlarının ödənilməməsində müqəssir hesab edir və hazırkı qeyri-münasib iqtisadi vəziyyətə və sosial problemlərə görə rəhbərlikdə olan hazırkı komandanın məsuliyyət daşıdığını bildirir.Əl-Aləm kanalının verdiyi məlumata görə, Ranya şəhərində keçirilən etiraz aksiyasında xalq yerli hökuməti istefaya çağıraraq, korrupsionerlərin mühakimə olunması, siyasi islahatların aparılması və idarəetmə strukturuna düzəlişin edilməsini istəyir. Xalqın əsas tələbi sosial problemlərin həll edilməsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması və iqtisadiyyatın çiçəklənməsidir.
İraqın Süməriyə Nyus informasiya qaynağı da Süleymaniyə şəhərində müəllimlərin cümə axşamı yerli rəhbərliyə qarşı etiraz aksiyası təşkil edərək, mövcud problemlərin dərhal həll edilməsini istəyiblər.
İraq Kürdüstanında yerli hökumətə qarşı xalq etirazları məişət problemləri, sosial problemlər və iqtisadi problemlərin dinc yolla həlli üzrə səylərin nəticəsiz qalmasının ardınca başlanıb.
Aksiya iştirakçıları bütün müəllimləri ümumi tətil aksiyasında iştiraka dəvət edərək, problemlərin həll olunacağı zamana kimi etirazların davam edəcəyini bildiriblər.
İraq Kürdüstanı ziyalıları da bir bəyanat yayaraq, İraq Kürdüstanı yerli hakimiyyətinin başında duran hazırkı rəhbərliyin, sentyabr ayında keçirilən separatçı referendum olayının uğursuzluğa düçar olmasının ardınca, artıq İraq Kürdüstanı sakinlərinin nümayəndəsi olmadığını və siyasi-iqtisadi problemlərin öhdəsindən gəlmədiyini vurğulayaraq, artıq rəhbərlikdə olan şəxslərin öz siyasi partiyaları tərəfindən belə dəstəklənmədiklərini bildiriblər.