Azərbaycan Respublikasının tarix dərsliklərində islahat aparılması üçün zəmin yaradın
Gülüstan və Türkmənçay Müqavilələrinin Nəticələri Konfransının elmi və icraçı katibləri təhsil nazirinə məktub yazaraq Azərbaycan Respublikasının tarix dərsliklərində islahat aparılması üçün zəmin yaradılmasını istəyiblər.
AranNews – Redaksiyamızın “Qədim Diyar Tarix və Mədəniyyət” mərkəzinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, Gülüstan və Türkmənçay Müqavilələrinin Nəticələri Konfransının elmi və icraçı katibləri İran İslam Respublikasının təhsil nazirinə məktub yazaraq, Azərbaycan Respublikasının tarix dərsliklərində islahat aparılması üçün zəmin yaradılmasını istəyiblər.
Məktubda konfransın elmi katibi doktor Müctəba Sultani Əhəmədi və icraçı katibi Rəhim Nikbəxt ölkənin təhsil nazirinə müraciət edərək ondan istəyiblər ki, onların köməyi ilə işçi qrup yaradılsın və bu qrup Azərbaycan Respublikasının tarix dərsliklərinin mətnində islahat işləri aparılması istiqamətində bu ölkənin səlahiyyətli rəsmiləri ilə müzakirə aparsın.
Məktubda deyilir:
Hörmətli Təhsil Naziri Seyid Məhəmməd Bəthayi
Salam
Diqqətinizə çatdırılır ki, cari il azər ayının 22-23-də (13-14 dekabr) Şərqi Azərbaycanın Culfa şəhərində “Gülüstan və Türkmənçay Müqavilələrinin Nəticələri” adlı konfrans keçirildi. Konfrans iştirakçıları müxtəlif mövzularda məqalələr təqdim etdilər. Bu məqalələrin çoxunun əsas narahatlığı bir neçə ildir ki, Azərbaycan Respublikasının tarixçiləri tərəfindən İran Azərbaycanının tarixinin təhrif olunması və onun dərslik və qeyri-dərslik kitablarında yer alması, şagirdlərə tədris edilməsidir. Bunu da qeyd edək ki, bu zəminədə çoxlu nümunələr mövcuddur və lazım olan surətdə mənbələri ilə birlikdə onları sizin ixtiyarınızda qoya bilərik ki, özünüz bu kitablarda yer almış iranofobiya ilə yaxından tanış olasınız.
Mövzunun əhəmiyyətinə və Azərbaycan Respublikası dövlət adamlarının İran tarixinə bir növ ərazi iddiası sayılan və iki ölkə münasibətlərində soyuqluq yarada biləcək baxışlarına diqqət etməklə təklif edilir ki, hər ölkənin mütəxəssislərindən ibarət işçi qrup yaradılsın, qeyd olunan mövzular barədə araşdırma aparılsın və nəticə seçilib götürülsün.
Ümidimiz budur ki, İran tarixçilərinin elmi məntiqi ilə Azərbaycan Respublikasının tarix kitabları, əsasən də bu ölkənin dərslik və təlim kitablarının islah olunması üçün səmimi və elmi şərait yaranacaq.
Sözsüz ki, lazım olan surətdə uzun illər boyu bu sahədə təhqiq və araşdırma işləri ilə məşğul olmuş və mütəxəssis rəyi verən alimlər öz təcrübələrini sözügedən mövzunu izləyən hər kəsin və ya qrupun ixtiyarında qoya bilərlər.