Arannews-APA isə Nərimanov Rayon Məhkəməsinə istinadən keçmiş nazirin inzibati cəza aldığını yazıb.R.Qazıyevin vəkili Zibeydə Sadıqova deyir ki, ona da müvəkkilinin hansı maddə ilə ittiham olunduğu barədə məlumat verilməyib:
“Rəhim Qazıyevlə görüşə bilmədim. Sabah görüşəcəyik”.
Bildirilir ki, Rəhim Qazıyev hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasına aparılıb.
Sosial şəbəkələrdə onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının qanuni tələblərinə tabe olmama) maddəsi ilə təqsirləndirildiyi bildirilsə də, rəsmi açıqlama verilmir.
Keçmiş nazir dekabrın 25-də axşam saatlarında saxlanılıb. Daxili İşlər Nazirliyindən vəkilinə onun Bakı şəhər Baş Polis İdarəsi tərəfindən saxlanıldığı bildirilib.
Rəhim Qazıyevin qardaşı Rahat Qazıyev Meydan TV-yə deyib ki, saxlanma xəbərini tanımadıqları şəxsdən alıblar:
"Həmin şəxs özünü təqdim etmədi, eləcə dedi ki, Rəhim Qaziyev Bakıda 17-ci polis bölməsindədir. Heç bir narahatçılığı yoxdur, səhərə kimi orada saxlanacaq. Bizə dedilər ki, sabah polis məntəqəsinə gəlin".
Rahat Qazıyevin sözlərinə görə, səhər saatlarından Nərimanov rayon 17-ci polis bölməsinə getsələr də, Rəhim Qaziyevin orda olub-olmaması barəsində rəsmi məlumat ala bilməyiblər.
“Xural” qəzetinin baş redaktoru, Rəhim Qazıyevin hüquqlarını müdafiə edən Əvəz Zeynallı isə “BBC Azərbaycanca”ya bidirib ki, hələlik Rəhim Qazıyevin saxlanma səbəblərini bilmirlər, amma o ehtimal edir ki, sabiq nazirin internet televiziyalarında dərc olunan son müsahibələri buna səbəb ola bilər.
Rəhim Qazıyev dekabrın 21-i və 24-də "Kanal 13"-ə müsahibə verərək prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı sərt tənqid edib.
R.Qazıyevin 74 yaşı var.
Vəkil Əsabəli Mustafayev deyir ki, İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsinə görə bir sıra şəxslərə, o cümlədən 65 yaşına çatmış kişilərə bu cəza növü tətbiq oluna bilməz. “Mənim praktikamda anoloji işlər olub. Qanun 2-ci qrup əlilə inzibati həbs tədbirinin tətbiqini qadağan etdiyi halda, mənim praktikamda 3 dəfə bu faktlar olub. Düzdür, sonuncu dəfə apelyasiya instansiyasında bu cəzanın ləğvinə nail olduq. Əvvəlki 2 dəfədə cəza sona qədər çəkildi və hökumət buna görə Avropa Məhkəməsinin qərarı ilə kompensasiya ödəyir” – deyə vəkil öz “Facebook” hesabında yazıb.
Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.