Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Arannews-"İslaminSesi.info" Publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, reket jurnalist şəbəkəsinin əsas fiqurlarından olan Habil Vəliyev ötən il dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri çərçivəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Sonradan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.
Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparmaq, onları şantaj etmək, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb etmək və almaq, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamaqda ittiham olunurlar. Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi Habil Vəliyevin işindən ayrılıb, aytıca icraata verilib.
İstintaq müəyyən edib ki, Habil Vəliyev adları çəkilən bu zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib. Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək H.Hüseynovun cəmi 30 min manatını ələ keçirib.
Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu da rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.
Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.
İttihama münasibət bildirən Habil Vəliyev özünü təqsirli bilməyib. Jurnalist yerindən replika ilə çıxış edərək ittihama münasibət bildirib: “Elə bil ki, əxlaqsız yuvaların müdafiə komitəsi yaradılıb”.
Hakim bildirib ki, hazırda prosesdə zərərçəkmiş şəxslər iştirak etmir. Habil Vəliyevin vəkilləri vəsatət verərək təqsirləndirilən şəxsin zərərçəkmişlərdən sonra dindirilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.
Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi Elxan Quliyev çıxış edərək bildirib ki, dəymiş ziyan ödəndiyindən heç bir şikayət tələbləri yoxdur. Digər zərərçəkən, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov isə istintaqa ifadəsində deyib ki, barəsində “Gündəlik Bakı” qəzetində 2011-ci ildən başlayaraq Habil Vəliyevin imzası ilə həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, rüsvayedici silsilə məqalələr dərc olunub. Ramiz Cəbrayılov əvvəlcə “cəfəngiyyat xarakterli yazılara” fikir vermədiyini, amma sonradan ailə üzvləri barəsində də böhtanlar yazılmağa başladığını, buna görə narahat olduğunu deyib: “Həmin məqələlərin birində guya övladıma şadlıq evində toy edib külli miqdarda pul yığdığım, rayonun büdcə təşkilatlarının müdirlərinin toya pul salmaq üçün növbəyə düzülmələri göstərilirdi. Həm özümün, həm də ailə üzvlərimin şərəf və ləyaqətini alçaltmağa hesablanmış yazıları yazmağa davam edirdi. 2012-ci ildə isə zəng vurub qarayaxma kompaniyasını dayandırmaq üçün 40 min manat pul tələb etdi”.
Keçmiş icra baçısının nümayəndəsi də çıxış edərək dəymiş ziyanın ödənildiyin qeyd edib. Daha sonra DTX-nın İstintaq Təcridxanasından sədrlik edən hakimə göndərilən məktub elan edilib. Məktubda bildirilib ki, DTX-ın təcridxanasında yer olmadığından Habil Vəliyevin Penitensiar Xidmətin İstintaq Təcridxanasını köçürülməsini xahiş edilib. Vəkillər də Habil Vəliyevin Penitensiar Xidmətə köçürülməsini istəyiblər. Məhkəmə müşavirə edərək qərara alıb ki, Habil Vəliyev DTX-dan Pentensiar Xidmətin təcridxanasına köçürüləcək.
Növbəti proses yanvarın 9-da davam edəcək.