Ali Məhkəmə 7gun.az portalının redaktoru, 5 il azadlıqdan məhrum edilmiş Cavid Şirəliyevin kassasiya şikayətini qismən təmin edib. Ali Məhkəmə işi təkrar baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.
Arannews:Rakurs.tv-Ali Məhkəmənin qərarı sentyabrın 27-də qəbul edilsə də qərarın mətni ərizəçiyə indi daxil olub. Bu barədə Turan-a jurnalistin anası məlumat verib.
Öz növbəsində vəkil Bəhruz Bayramov qeyd edib ki, müdafiə tərəfi bəraətverici əsaslarla işə tam xitam verilməsi məsələsini qaldırıb.
Onun fikrincə, Ali Məhkəmənin qərarı ibtidai istintaq və aşağı instansiya məhkəmələrində çoxsaylı pozuntularla bağlıdır.
Xatırladaq ki, 7gun.az-ın redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də həbs edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.
C.Şirəliyev 2014-cü il avqustun 30-da DİN əməkdaşları tərəfindən saxlanılıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb. O 2013-cü il iyunun ortalarında Asif Orucov oğlu ilə əlbir olaraq Şəfiqə Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesində qumarxana olması haqda nüfuzdan salan material yaymaqla hədələyərək ondan 2 min manat tələb etməkdə ittiham olunur.
Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrın sonlarında C.Şirəliyev dekabrın 23-də “Qırmızı körpü” sərhəd keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması haqda məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.
Müdafiə tərəfinin məlumatına görə, məhkəmə C.Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr Ş.Xankişiyevanın bəyanatı üzərində qurulub.
Sülh və Demokratiya İnstitutu, “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı və Siyasi Məhbusların Monitorinqi Mərkəzi C.Şirəliyevi 158 nəfərlik siyasi məhbuslar siyahısına daxil ediblər.