Müxalifətçinin fikrincə, müxalifətin üçüncü uğuru Ermənistanla bağlı məsələnin AŞ PA-nın növbədənkənar müzakirəsinə daxil edilməsidir.
Armenia Servisi/Aran Agentliyi
İrəvanın Matenadaran meydanında müxalifətin mitinqi keçirilir. İki saat gecikən aksiya «Levon prezident» şüarı ilə başlayıb. Mitinqin aparıcısı Respublika Partiyası Siyasi Şurasının üzvü Suren Surenyantsdır. O, mitinq iştirakçılarını üç qələbə münasibətilə təbrik edib. Müxalifət nümayəndəsinin sözlərinə görə, ilk qələbə polis səddinin yarılması və Matenadaran ətrafında mitinqin keçirilməsidir. İkinci qələbə Avropa Məhkəməsinin «A1+» telekanalı barəsində qərarıdır. Müxalifətçinin fikrincə, müxalifətin üçüncü uğuru Ermənistanla bağlı məsələnin AŞ PA-nın növbədənkənar müzakirəsinə daxil edilməsidir.
Mitinqin aparıcısı, siyasi məhbusların müraciətini də oxuyub. Suren Surenyants hesab edir ki, Ermənistan Ümummilli Hərəkatı postsovet məkanında ən mütəşəkkil və unikal təşkilatdır.
Mitinqdə «Yeni zaman» partiyasının lideri Aram Karapetyanın da müraciəti səslənib. O, Moskvada müalicədə olduğundan müraciəti mitinq iştirakçılarına partiya təmsilçisi Şraçya Sarkisyan çatdırıb. Onun təklifi ilə 1 mart iğtişaşları zamanı ölənlərin xatirəsi yad edilib.
Qeyd edək ki, mitinqdə müxalifət lideri, prezident seçkilərində qalib gəldiyini iddia edən Levon Ter-Petrosyan da iştirak edir.