Arannews-Günah və çirkin əxlaqdan çəkinib, ruhi sağlamlığı qorumaq, öünütərbiyədə ən asan yoldur. Günaha batmamış qəlb öz nurunu saxlayır. İnsanı gözəl işlərə vadar edən amillərdən biri də bu nurdur. Nə qədər ki, qəlbə zülmət çökməyib, şeytan üçün yol bağlıdır. Günaha adət etməmiş insan üçün günahdan çəkinmək daha asandır. İstənilən bir səbəb üzündən hər hansı bir günahdan uzaq olmuş insan bu paklığı qənimət bilib qorumalıdır.
Günaha yol verən insan qəlbinin qapısını şeytana açmışdır. Şeytan qəlbə daxil olduqdan sonra günahı tərk etmək olduqca çətindir. Şeytan və nəfsi-əmmarə bir-iki dəfə günaha batmağı insana əhəmiyyətsiz göstərməyə çalışır. Öz xoşbəxtliyinə biganə olmayan insan anlamalıdır ki, bir dəfə günaha batmaqla qəlbindəki paklığı itirəcəkdir.
Həzrət Əli (ə) buyurur: «Heç bir pis iş və sözə yol vermə»; «Nə qədər ki, nəfsi-əmmarə güclənməyib ona qələbə çal. Hər günahınla güclənən nəfs səni istədiyi tərəfə çəkəcək, sən isə ona müqavimət göstərə bilməyəcəksən»; «Günaha adət işğalçı bir düşməndir»; «Nəfsi-əmmarəylə düşmənlə vuruşduğun kimi vuruş»; «Günah etməmək tövbə etməkdən daha asandır».
Cəmiyyətdə yolxucu xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Çünki bu xəstəliklərə bir nəfər yoluxduqdan sonra onların qarşısını almaq çətin olur. Paklığı qorumaq, çirkabı təmizləməkdən qat-qat rahatdır.