Tarix : 2017 Dec 30
Kod 53921

Hüquq müdafiəçi DİN-də olub

Hüquq müdafiəçisi, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oktay Gülalıyev bu gün, dekabrın 29-u Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olub.

Arannews:Rakurs.tv-istinadən xəbər-Bu haqda onun özü məlumat yayıb.
 O.Gülalıyevin sözlərinə görə, DİN-ə dəvət edilməsi bu quruma müraciəti ilə bağlı olub. Hüquq müdafiəçisi deyir ki, ona indiyə qədər pasport verilməyib. Artıq, 6-cı ildir ki, ölkədən buraxılmır. Müraciətində DİN-dən gərəkli addımların atılmasını xahiş edib.
 "Doğrusu deyim ki, müraciətimə belə tez reaksiya verəcəklərini gözləmirdim. Ehtiram və hörmətlə qarşıladılar. İdarənin məsul şəxsləri mənimlə görüşdü. Bildirdilər ki, müraciətimlə bağlı olaraq rəhbərliyin göstərişi ilə araşdırma aparılır və yanvarın 5-dək cavab veriləcək”, - hüquq müdafiəçisi bildirib.
 O.Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası alıb. Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad Rayon Məhkəməsi O.Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. İyunun 13-də isə azadlığa buraxılıb. O.Gülalıyevin bildirməsinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.
 Oxşar problemlə Azərbaycanda başqa fəallar da üzləşiblər.
 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli isə 11 ildir xarici pasport ala bilmir. 2006-cı ildə o, pasportdan ötrü müraciət edəndə haqqında 1994-cü ildə cinayət işi açıldığını səbəb göstərərək, ona xarici pasport verilməyib. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partlayıcı maddə tapıldığını bildirmişdilər. Ancaq o, həbsdə elə də uzun müddət qalmamışdı. Ə.Kərimli ittihamları «qurama» adlandırmışdı.
 Üstəlik, o, 1995 və 2000-ci illərdə deputat seçilib.
 2015-ci ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədrinin ölkədən çıxışına qadağa qoyulmasını pozuntu kimi tanıyıb. Ancaq Ə.Kərimli, hələ də pasport ala bilmir.


  • Yazılıb
  • da (də) 2017 Dec 30
  • Göndərən مدير سايت Aran News