2017-ci il “Nardaran məhbusları”na verilən ağır həbs cəzaları ilə yadda qaldı. Ümumilikdə 42 “Nardaran məhbusu”na 597 il həbs cəzası verildi.
Arannews- Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən “Nardaran işi 1”, “Nardaran işi 2” və “Nardaran işi 3” üzrə məhkəmə proseslərinə müvafiq olaraq Əlövsət Abbasov, Mayıl Bayramov və Zeynal Ağayev sədrlik etdi. Qeyd etmək lazımdır ki, bu 42 nəfər “Nardaran işi” üzrə həbs olunanların heç də hamısı deyil, bu işlə bağlı həbs olunanlarının bir çoxuna 2016-cı ildə hökm oxunub, bəzilərinin isə məhkəmə prosesi davam edir.
“Nardaran işi 1” üzrə Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı mühakimə olunub. Bu şəxslər 2015-ci il noyabr ayının 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunublar, yalnız Fuad Qəhrəmanlı 08 dekabr 2015-ci ildə həbs olunub. Ona Facebook sosial şəbəkəsində yazdığı statusu təhrif edərək və saxtalaşdıraraq CM-nin 281.2-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə cinayət işi açılmış, sonra isə CM- nin 220.2-ci maddəsi ilə (İğtişaşlara çağırış) ittiham elan edilmişdir. Məhkəmənin hökmü ilə Tale Bağırzadə 20 il, Fuad Qəhrəmanlı 10 il, Abbas Hüseyn 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay, tutularkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev isə 10 il həbs cəzası almışdır. Məhkəmənin hökmü ilə Tale Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarov cəzasının ilk 5-7 ilini qapalı həbsxana rejimində çəkməlidir. Bu şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 214-cü (terrorçuluq), 220-ci (kütləvi iğtişaş), 228-ci (qanunsuz olaraq odlu silah satma, saxlama, daşıma və gəzdirmə), 233-ci (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr daxil olmaqla CM-nin 20-yə yaxın maddəsi üzrə təqsirli biliniblər.
“Nardaran işi 2” üzrə təqsirləndirilənlər Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov, idarə heyəti – Nahid Qəhrəmanov, Elgün Axundov, Vüsal Alışov, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Ramil Əliyev, Ağa-Əli Yəhyayev və funksionerləri – Seymur Aslanov, Əli Şahbazov və Əmirəli Əliyevdir. Məhkəmənin hökmü ilə Elçin Qasımov 15 il, Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 3 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirəli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Müsəlman Birliyi Hərəkatı Azərbaycanda yeganə təşkilatdır ki, idarə heyətinin bütün üzvləri hazırda həbs həyatı yaşayır.
“Nardaran işi 3” üzrə isə 26 noyabr Nardaran hadisəsindən sonra Bakıda və regionlarda həbs edilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə ilahiyyatçı Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov və Cabir Əliyev hər biri 16 il, Ramil Seyfullayev, Mübariz İbrahimov 15 il, Elxan Həsənov 14 il, Faiq Allahverdiyev, Mehman Quliyev, Elman Ağayev 13 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyatov 12 il 3 ay azadlıqdan məhrum edilib.
Bundan əlavə 2017-ci il martın 16-da Müsəlman Birliyi Hərəkatının İdarə heyətinin axtarışda olan üzvü – Elxan İsgəndərov həbs olunub. Elxan İsgəndərovun işi hazırda məhkəmədədir. Hərəkatın idarə heyətinin həbsdə olan üzvü – Əbülfəz Bünyatov isə 2016-ci il dekabrın 10-da azadlığa buraxılıb. Onun barəsində həbs-qətiimkan tədbiri dəyişib. Buna səbəb onun hazırkı vəziyyətidir. Belə ki, Nardaranda keçirilən əməliyyat zamanı güllələnən Əbülfəz Bünyatov iflic olub və yataq xəstəsidir. Qeyd edək ki, əməliyyat zamanı Əbülfəz Bünyatovun qardaşı Rəfael Bünyatov da güllələnərək öldürülüb. Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyatçı Tale Bağırzadə ifadəsində bildirmişdi ki, digər qardaşı Fərael Bünyatov onlarla birlikdə həbs olunmuşdu. Lakin onu polislər evdən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində apararkən yolda başına avtomatın qundağı ilə vura-vura öldürüblər. Əbülfəz Bünyatovun şərti azadlığa buraxılacağı gözlənilir.
2017-ci ildə həm də Müsəlman Birliyi Hərəkatının daha bir fəal üzvü Əhsən Nuruzadə həbs olunub. O, oktyabrın 6-da günortaya yaxın öz evinin həyətində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Vəkil üç gün ərzində onun harada olduğunu öyrənmək üçün polisə və məhkəmələrə müraciət edib. Yalnız oktyabrın 9-da Kürdəxanı İstintaq Təcridxanasında Nuruzadənin həmin gün oraya gətirildiyini və ona 234.4.3-cü maddə ilə ittiham irəli sürüldüyünü, istintaqı DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin apardığını təsdiq ediblər. İlk dəfə o, yanvarın 24-də saxlanılıb, amma vəkilə yalnız ayın 30-da, məhkəmə onu 10 günlük həbs etdikdən sonra xəbər veriblər. Sentyabrın 19-da Nuruzadə MCMBİ əməkdaşları tərəfindən yenidən saxlanılıb və yenə bu barədə Nərimanov rayon məhkəməsinin onun barəsində 10 günlük həbs qərarı çıxarmasından sonra məlumat veriblər. 234.4.3-cü "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma, külli miqdarda törədildikdə" maddə 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
2017-ci ildə Nardaran hadisələri ilə bağlı azadlıqdan məhrum edilmiş Şahbazovlar ailəsinin daha bir üzvü Fail Şahbazova hökm oxunub. Fail Şahbazov noyabrın 23-də saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 30 sutka inzibati həbs cəzasına məhkum edilib. Daha sonra barəsində 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə cinayət işi açılıb. Fail Şahbazovun atası Atabala Şahbazov və 2 qardaşı Əli və Natiq Şahbazov 2015-ci il noyabr ayının 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyatdan sonra həbs olunub. Məhkəmənin qərarı ilə Nardaran sakini 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Fail Şahbazov silah-sursat gizlətdiyini etiraf edib. Onun nişan verdiyi yerdən – Nardaran qəsəbəsində bağlar ərazisindən ov tüfəngi və qumbara tapılıb. Amma Fail Şahbazov məhkəmədə bildirib ki, o “etirafa” təzyiq altında imza atıb. Dediyinə görə, onu döyüblər, dişlərini sındırıblar, şaxtalı qış günündə lüt saxlayıblar. Onu müdafiə edən Fariz Namazlı isə bildirib ki, bu qərar Şahbazovlar ailəsinə qarşı qərəz və qisasçılıqdan xəbər verir. Vəkil Fail Şahbazovun Tale Bağırzadə və digər 17 nəfərin işi üzrə gedən məhkəmə prosesi zamanı sosial şəbəkələrdə məlumat və "Nardaran hadisəsi" zamanı öldürülən 4 nəfərin dağıdılan qəbrlərinin şəkillərini paylaşdığına görə həbs edildiyini deyib.
Müsəlman Birliyi Hərəkatının daha bir funksioneri Elşən Abbasov oktyabrın 24-də Bərdə rayonunda həbs olunub. Ona qarşı CM-nin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə cinayət işi açılıb. Fəal isə ictimai fəaliyyətinə görə həbs olunduğunu bildirib. Elşən Abbasov 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən ikinci hicab aksiyasında saxlanılıb, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin sentyabr ayında Nardaran işi üzrə həbs olunan 14 nəfər isə azadlığa buraxılıb. Azadlığa buraxılanlar əsasən yüngül maddələrlə məhkum olunanlardır. Onların da cəza müddətinin bitməsinə bir neçə ay qalmışdı. Nadir Qədirov, Akif Nuriyev, Atabala Şahbazov, Seyidağa Ağayev, Həsən Quliyev, Mehman Əliyev, Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyev azadlığa buraxılanların bir neçəsidir. Adları çəkilən şəxslərdən Atabala Şahbazovun özü ilə yanaşı, üç oğlu da həbsdədir. Onlardan biri – Əli Şahbazov “Nardaran işi-2” üzrə 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Əli Şahbazov məhkəmədə bildirib ki, Nardaran hadisələrindən sonra atasını silahla şərləyib həbs ediblər. Daha sonra onu polis bölməsinə çağırıb təklif ediblər ki, qardaşlardan biri ittihamları üzərinə götürsün, atanı buraxsınlar. Əli Şahbazovun dediyinə görə, o, ağır maddələrlə olan ittihamı üzərinə götürməyə razılaşsa da, atasını buraxmayıblar. Onu da qanunsuz silah saxlama suçlaması ilə həbs ediblər.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və digərlərinin məhkəməsində daim iştirak edən Fail Şahbazov isə 2016-cı ilin noyabrında həbs olunub. 2 il 9 ay həbs cəzası alan Fail Şahbazov həbsindən əvvəl bildirmişdi ki, məhkəmədə fəal iştirakına görə təqib olunur. Daha bir qardaş Natiq Şahbazov isə bu ilin mayında həbs olunub – o da qanunsuz silah saxlama suçlaması ilə.
Bundan əlavə hərəkatın bir çox üzvü il ərzində polis idarələrinə çağırılmış və inzibati həbs cəzalarına məhkum edilmişdir.
Rakurs TV