Tarix : 2017 Dec 31
Kod 53930

Son Qarabağ gərginliyi - İtirənlər və qazananlar

Sual verməyə, hadisələri təhlil etməyə, həqiqətlərlə üzləşməyə razı və hazır olanlar oxusunlar. Bu yazıda, şübhələr və suallarla müəyyən məsələləri aydınlaşdırmağa cəhd edəcəyəm. Xatırladım ki, fakt deyil, təhlil yazısıdır.



Arannews:meydan.tv-Düşünürəm ki, ön cəbhədəki bu son hadisələr əfsuslar olsun ki, iyrənc bir oyunun parçasıdır. Və bu oyunun Rusiya tərəfindən həyata keçirildiyi qənaətindəyəm.
Rusiyanın yürütdüyü siyasəti nəticəsində dünyada getdikcə nüfuz itirməsi, imicinin sarsılması, onun "Gömrük" və "Avrasiya" ittifaqları adı altında yenidən toparlanmasına, özünə gəlməsinə təkan verəcəyi şübhəsizdir.
Bu baxımdan Putin Azərbaycanı da həmin ittifaqın tərkibində görmək istəyir. Təəccüblü deyil ki, hər zaman Azərbaycanı və azərbaycanlıları aşağılayan, təhqir edən putinist Jirinovskinin son çıxışları da məhz bu maraqlara xidmət edir. Fəqət İlham Əliyev "balanslı siyasət yürüdəcəyəm" dediyi üçün nə bu ittifaqlara, nə də "Şərq Tərəfdaşlığı" proqramına razılıq vermir. Təbii ki, burda gömrük monopoliyasını əlində saxlama maraqları da var. 
Bu isə Putin hakimiyyətinə sərf etmədiyi üçün müəyyən iyrənc oyunlar oynanmalıdır. Və son hədislər həm də bu "ittifaqlara dürtülmə əməliyyatı"nın tərkib hissəsidir.
Çoxunun bildiyi kimi Azərbaycan ordusunda təəssüf ki, Rusiyaya bağlı olan qüvvələrin sayı ta Heydər Əliyev zamanından mövcuddur. Bu bağlılıq və sədaqət daha çox Səfər Əbiyevin başçılığı ilə həyata keçirilirdi.
Orduda əsgər ölümlərinin çoxalması, korrupsiya, özbaşınalıq və dedovşina hallarının artması və etirazlar Səfər Əbiyevin istefaya göndərilməsinə səbəb oldu. Bu isə Putin diktaturasını heç də qane etmədi.

Nəcməddin Sadıkov və Ermənistanın sabiq müdafiə naziri, hazırda hərbi baş müfəttiş, general-polkovnik Mikael Arutyunyan.

Zakir Həsənovun təyinatından sonra bir çox islahatlar olsa da, təəssüflər olsun ki, əsgər ölümləri davam etdi. Və ən əsas Rusiyaya bağlı olan fiqur, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılmadı. Bu general-polkovnik haqqında sizə müəyyən detalları açıqlamaq istəyirəm:
1. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət etmişdir. Azərbaycanın ən mühüm, strateji rayonlarının işğal olunmasında müstəsna xidmətləri olan şəxsdir.
2. Milliyətcə ləzgi olan, 2011-ci ildə Dağıstanın milli qəhrəmanı adını alan, hazırda Dərbəndin mərkəzi küçələrindən birinə adı verilən, orden və büst qoyulan da məhz Nəcməddin Sadıkovdur. (Mənbə: fotovə keçid)
3. Nəcməddin Sadıkov həmçinin hakim ailəyə qohumluğu ilə də tanınır. Belə ki, Mehriban Əliyevanın xalası oğlu Altay Muradovun qudasıdır. Altay Muradov Heydər Əliyev Fondunun maliyyə rəhbəri vəzifəsində çalışır. 
Bunları bildikdən sonra keçək son hadisələrin baş vermə ardıcıllığına
Hərbi mənbələrdən əldə etdiyim məlumata görə iyulun 31-dən avqustun 1-ə keçən gecə Azərbaycanın hərbçiləri Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçərək, erməni postlarına hücum təlimatı alıblar. (!) Bizim hərbçiləri isə heç də xoş olmayan bir nəticə gözləyib. Erməni tərəfi bu hərbi əməliyyatdan öncədən xəbərdar olduqları üçün əməliyyat uğursuzluqla bitib. Nəticədə həmin gecə rəsmi məlumata görə 8 hərbçimiz şəhid olub.
Bu heç də Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları tərəfindən həyata keçirilən əməliyyat olmayıb. Və Müdafiə Nazirliyi bu iddianı etməklə əslində bizim mövqelərin nə qədər ayıq-sayıq olmadığını, zəyif olduqlarını dilə gətirmiş olur. Sanki səngərdə hamı yatıb və ermənilər gəlib, qırıb gediblər. Xatırladım ki, hər iki ordunun da kəşviyyat qrupları var və mütəmadi bu cür əməliyyatlar həyata keçirilir. Amma ilk dəfədir ki, bu qədər itki olur. Buna səbəb məhz qarşı tərəfin xəbərdar olmasıdır.
Xalq pərişan və ruh düşkünü olduğu üçün dezinformasiyalar artırılmalıdır. Əvvəlcə iki rayonun Ağdam və Füzulinin alınması xəbəri yayılır, daha sonra iki kənd Yusifcanlı və Bayramların geri alındığı xəbərləri tirajlanır. Səbəb isə xalqda ruh yüksəkliyi yaratmaq, şəhidlərdən, əsgər ölümlərindən fikri yayındırmaqdır. Təbii ki, arxa cəbhədə də öz işlərini, siyasi həbslərini və s. görürlər ki, bu yazıdageniş bəhs etmişəm.
İndi sual olunur, Ali baş komandanın və Müdafiə Nazirinin ölkədə olmadığı bir vaxtda ordunun idarə edilməsi Baş Qərargah rəisi (BQR) cənab Nəcməddin Sadıqova tapşırılıb. Bəs bu əməliyyatın əmrini kim və ya kimlər verib?
Erməni tərəfi bu əməliyyatdan necə xəbərdar olub?
Ən əsas suallardan biri, İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı, Müdafiə nazirindən tutmuş, ordunun digər vəzifəliləri, hətta Daxili İşlər Naziri Ramil Usubov belə həmin görüşdə idi. Buyurun fotodan baxın. Amma nədənsə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkov orda yox idi. Niyə?

Üstəlik mətbuatda şayiə də yayıldı ki, güya Nəcməddin Sadıqov 11 şəhid olayına görə hansısa generalı söyüb və bu da geniş şəkildə tirajlanmağa başlandı. Nəcməddin Sadıqovu bir növ təmizə çıxarma, hədəfləri ondan yayındırma prosesinə oxşamırmı?

Bir sözlə belə məlum olur ki, həmin ordumuzdakı o gizli Rusiya əlinin sayəsində (mən onun Nəcməddin Sadıkov olduğunu düşünürəm) oyunun birinci hissəsi tamamlanmış oldu. Bu çirkin əməliyyatla Azərbaycan tərəfi münaqişədə atəşkəsi pozan tərəf kimi günahlandırılacaq və Rusiyanın təzyiqinə məruz qalacaqdı.


Oyun bununla da bitmədi. İkinci hissədə "diversant" oyununu ortaya atdılar. Bu qədər haqq-hesabın, hər iki tərəfdə əsgər itkilərinin olduğu və davam etdiyi ərəfədə, bədbəxt bir ermənini Tovuzun Ağbulaq kəndinə yollayırlar. Onu da yenə hərbçilər yox, kənd sakinləri tuturlar. Özüdə mülki geyimlə və əlində də bir telefon. Başa düşürsüz? Diversant və telefon.

Azərbaycan hakimiyyəti də təbii ki, əlinə düşən fürsətdən istifadə etmək üçün o bədbəxtdən diversant düzəldir, üstəlik az qala cibindən tank da çıxardır, Rusiyanın Orxan Zeynalovun, Ermənistanın Dilqəm Əsgərovun başına gəitdikləri iyrənclikləri, aşağılamanı həmin bu sözdə diversant Petrosyanın başına gətirirlər və sonda da rəsmi məlumata görə naməlum səbəbdən erməni diversant ölür. Bu əslində bizi tələyə salma əməliyyatının uğurlu nəticəsidir. Xalqımız isə xoşbəxtdir, sevinirlər, az qala bulvarda atəşfəşanlıq da etsinlər.
İndi suallar meydana gəlir ki, bu qatma-qarışıqlıqda erməni diversantının Qazaxın bir kəndində nə iti azmışdı?
Bütün bunlar nə üçün məhz əvvəlcədən razılaşdırılmış Soçi görüşündən 1 həftə öncə vaş verirdi?
Azərbaycan bu təzyiqlər və güc göstərisinin qarşılığında, gələn il yaxınlaşan Avropa Olimpiya oyunlarının ərəfəsində hansı güzəştlərə gedəcək?
İlham Əliyev də orduda Rusiyaya bağlı qüvvələrin olduğunu bildiyi halda, nə üçün onları mükafatlandırmağa davam edir?
Çünki bu Qarabağ münaqişəsinin hər iki tərəf, həm Ermənistan, həm Azərbaycan üçün indiki halda qalması daha münasibdir. Yeri gələndə öz xalqlarına qarşı manipulyasiya vasitəsi kimi istifadə edirlər. Müharibə hər iki tərəf üçün fiasko, sülh isə, ortada mövcud olan şərtlərlə Qarabağın birdəfəlik itirilməsi deməkdir.


Soçi görüşündən çıxan nəticə də ondan ibarətdir ki, bütün bu cəbhədə baş verən hadisələr Rusiyadan qəhrəman sülh obrazı yaratma cəhdlərinə xidmət etdi. Bəli, həqiqətən də Putin bütün dünyaya göstərmək istəyir ki, o,  münaqişənin sülh yolu ilə həllində maraqlıdır.
Bu arada Rusiyanı tənqid edib, onun rəqibi olan Qərbi burda gözardı etmək istəməzdim. Qərbin həm Qarabağa, həm də ölkədəki demokratikləşməyə, söz və mətbuat azadlığına olan ikili standartı, onun İlham Əliyevin xalqdan oğurladığı sərvətə, neftə necə möhtac olmasının bariz nümunəsidir əlbəttə. Bu qədər həbslərə göz yuman, səsini belə çıxartmayan, sadəcə narahat olmaqla kifayətlənən Qərb, Azərbaycanı bilərəkdən Rusiyanın caynağına verməyə davam edir. Elə cəbhədə baş verənlərə görə də sadəcə "narahat" olmuşdular.
ƏSAS NƏTİCƏ: 
1. Son hadisələrdən qazanan yenə Putin oldu, özünü münaqişənin həlledici qüvvəsi kimi göstərib, sülhpərvər imic yaratdı. Həmçinin öz ittifaqlarına Azərbaycanı təşfiq etmək maraqlarını da dilə gətirmiş və gücləndirmiş oldu.
2. Ermənistan yenə özünü zərər çəkmiş, müdafiə olunan, "diversant"ı öldürülən kimi bütün dünyaya sırıyıb, problemin dondurularaq daha da uzanmasına səbəb oldu. 
3. İlham Əliyev isə cəbhə bölgəsində, Twitterdə müharibədən dəm vurub, Soçidə sülhdən danışdı, son hadisələrdən istifadə edib, benzinin qiymətini qaldırdı, siyasi fəalları həbs etdirdi, cəmiyyətdə saxta vətənpərvərlik ab-havası yaradıb, "Dünyadakı təzyiqlərə baxmayaraq Ramil Səfərovu mən gətirmişəm" deyərək özünü qəhrəman kimi təqdim etdi.

İtirən isə yenə vətəndaş cəmiyyəti, Qərb, Azərbaycan ordusu, şəhid valideynləri, saxta xəbərlərlə müvəqqəti ruh yüksəkliyi yaşayaraq, sonradan xəyal qırıqlığına uğrayan cəmiyyətimiz oldu.

"Ordumuzun əsgəri hara baxır, niyə ayıq-sayıq deyil?" filan suallarını verməyin xahiş edirəm. Ordunun əsgərləri əmrə tabedir, onlara nə əmr edilirsə onu edirlər. Günahkar əmri verənlərdədir, sıravi əsgərlərdə yox. Orduda özbaşınalıqların, rüşvətxorluğun, əsgər ölümlərinin də səbəbkarları məhz ordu sistemini bu hala salanlardır.
P.S. Və bu yazını yazarkən bir xəbər də oxudum ki, Azərbaycanın Rusiyadan sifariş etdiyi hərbi texnikanın yeni partiyası Bakıya göndərilir. Avtomatik Gündüz Ağayevin bir anda məşhur olan möhtəşəm karikaturası yadıma düşdü, görməyənlər üçün keçid.
P.S.S. Hadisələrin üstündən 11 gün keçəndən, Soçi görüşü yekunlaşandan sonra Nəcməddin Sadıkov bu gün peyda olub və cəbhə bölgəsinə yollanıb, sağ olsun. Məncə çox tələsib...

Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.


  • Yazılıb
  • da (də) 2017 Dec 31
  • Göndərən مدير سايت Aran News