Bu ayın sonlarında AŞ PA-nın qış sessiyası keçiriləcək. Ayın sonu yaxınlaşdıqca Azərbaycanda da bütün diqqətlər sessiyaya yönəlib
Arannews:Rakurs.tv-istinadən xəbər-Xüsusilə son aylarda REAL sədri İlqar Məmmədov və digər məhbuslar, eləcə də demokratiya və insan haqları məsələləri ilə bağlı ölkəmizə Qərbdən gələn təzyiqlər sessiyanı daha da aktuallaşdırır. Bu sessiyanın Azərbaycan üçün asan keçməyəcəyi bildirilir. Azərbaycanlı hüquq müdafiəçiləri bu sessiyada iştirak etməyəcəklər. Bu barədə “Yeni Müsavat”a İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu məlumat verdi: “Yanvarın axırında sessiya olacaq. Biz ola bilsin ki, aprel sessiyasına getdik. Bu sessiyada Azərbaycanla bağlı hansı məsələlərin müzakirəsi barədə hələ ki bir şey deyə bilmirik. Çünki məlum deyil. Məlum olan kimi ictimaiyyətə məlumat verəcəyik. Hazırda Azərbaycan tərəfdə müəyyən dəyişiklik gedir. Bizə dəvətnamələr iştirak üçün göndərildi, amma biz bildirdik ki, apreldə gələ bilərik. Hesab edirəm ki, yanvarın sonlarına qədər Azərbaycan tərəfi müəyyən addımlar atacaq və bu da sessiyada öz təsirini göstərəcək. Prezidentin məlum sərəncamı ilə artıq indiyə qədər 4 min məhbus azad olunub. Yanvarın axırına qədər də bir çox insan azad olunacaq. Düşünürəm ki, ayın sonuna qədər İlqar Məmmədov, Əli İnsanov və digər məhbuslarla bağlı istənilən qərar verilə bilər”
Məlumat üçün bildirək ki, Azərbaycan 2018-ə İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov və digər Avropanın israrla tələb etdiyi məhbuslarla qədəm qoydu. Xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin İ.Məmmədov, Ə.İnsanov kimi məhbusların azad edilməsi üçün çıxardığı qərarlara əməl edilməməsi bu ilin ilk yarısının Azərbaycan üçün çətin keçəcəyinə bir işarədir.
İ.Məmmədov bayram günlərində ailəsi ilə telefonla əlaqə saxlayıb. Bu barədə onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: “Sonuncu dəfə İlqarla görüş üçün dekabrın 23-də getmişəm. Bayram günləri görüşə gedə bilmədim, çünki iki həftədən bir görüş vaxtı olduğu üçün vaxtımız bu günlərə düşmədi. Yanvarın 6-da görüşə gedəcəm. Bayramda zəng etmişdi. Elə bir sözü-filan olmadı. Çünki bayram əhval-ruhiyyəsi yox idi. Mən onu təbrik edib, ”bayramın mübarək" deyəndə istehza ilə dedi ki, beşinci bayramımı burada keçirirəm, nə bayram".
Yanvarın 13-də həbsdə olan “Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun 33 yaşı tamam olub. Bu barədə “Kanal 13" rəhbərinin həyat yoldaşı Lamiyə Orucova bunları dedi: ”Bayram günü yanına gedə bilmədim. Yanvarın 2-də yanında oldum. Bizə təxminən üç saatlıq açıq görüş verdilər. Vəziyyəti yaxşı idi, əhval-ruhiyyəsi də normal idi. Bütün dostlarına, yaxınlarına salam göndərdi. Elə oradaca Əzizin ad gününü xoş sözlərimiz, arzularımızla qeyd etdik. Onun ad günü ilə bağlı sosial şəbəkələr üzərindən çoxsaylı təbriklər aldım. Telefonla da çoxsaylı zənglər oldu. Bunlar həqiqətən mənim üçün çox xoş oldu. İnsanların xoş sözlərini, arzularını eşitmək insana pozitivlik verir, insanı güclü, qüvvətli edir. Əzizlə danışanda bu təbriklərin hamısını ona çatdıracağam. İnanıram ki, onun üçün çox xoş olacaq. Ona verilən hökmlə bağlı artıq apelyasiya şikayəti verilib. Yəqin ki, bayramla əlaqədar tətillərə görə şikayətə baxmaq yubanır. Düşünürəm ki, ya bu ayın ortalarında, ya da sonlarında şikayətə baxılacaq".