Gürcüstanın demokratiya yolunda çətinliklə olsa da irəliləyişini Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Tbilisi şəhər məhkəməsinin eks prezident Saakaşvili haqqında çıxardığı hökmə etirazını bildirməklə bir daha sübut etdi.
Arannews-Rakurs.tv-“İnterfaks Ukraina” nəşrinə istinadən xəbər verilir ki, yanvarın 5-də jurnalistlərin suallarını cavablandıran Marqvelaşvili Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin prokurorluq tərəfindən cinayət təqibini əsassız hesab etdiyini bildirib.
“Keçmiş prezident Mixail Saakaşvilinin konstitusiya ilə təsbit olunmuş hüquqlarından istifadə etməklə həbsdəkiləri əfv etməsi barədə cinayət işinə başlamasından sonra prokurorluq siyasi bəyanat verib və prezidentin səlahiyyətlərini düzgün interpretasiya etməməklə vəziyyəti daha da gərginləşdirib.”-Marqvelaşvili münasibətini belə açıqlayıb.
Marqvelaşvili deyib ki, konstitusiya hüququndan istifadə edən şəxsə cinayət işinin başlanması Gürcüstanın beynəlxalq imicinə ciddi zərbə vurur.
“ Biz bu məsələni diqqətdə saxlayacağıq, ona görə ki, bu maddə ilə təqib etmə prezident səlahiyyətlərini pozur və prezidentlik institutunu zəiflədir”-Marqvelaşvili əlavə edib.