Arannews:nur-az.com-istinadən xəbər-Əslındə, Vətəndaşların seçki yolu ilə prezident seçməsi (eləcə də digər) siyasi proseslərin bir tərəfidir. Digər tamamlanan tərəfi isə hakimiyyətin Seçkidən sonra Vətəndaş seçimidir, yəni hakimiyyətin idarəçilikdə Vətəndaşı siyasi baxımdan hara qədər görmək, onun hüquq və azadlıqlarını hansı həddə qədər genişləndirmək niyyətindən ibarətdir. Dövlətin idarə olunmasında Vətəndaşın iştirak hüququnu hara qədər müəyyən etmək hər bir hakimiyyətin məqsədi olur.
Lakin, bu günki iqtidar bu günümüz üçün vacib qərarlar qəbul etməkdən qorxur. Bu qərarlar ona qorxunc gəlir. Çünki , siyasi baxımdan atacağı addımların hansı nəticə verə biləcəyini görmür. Respublika Konstitusiyasının hər bir maddəsi hüquqi, siyasi, iqtisadi və digər baxımdan Azərbaycanın imkanlarının genişlənməsində bir stimuldur. Ancaq necə? İdarəetmə elminin hətta hansı hərflərdən ibarət olduğunu bilmədikləri halda “qaş qayırdıqları yerdə göz tökə” biləcəklərindən qorxurlar.
Bu səbəbdən də Konstitusiya Xalqdan gizlədilib, idarəçilikdə əhəmiyyətsiz bir hissəyə çevrilib. Dövlətin təşkili, onun idarə olunması barədə bu iqtidar illərdi anlaqsız vəziyyətdədir. Həqiqətən də bu komanda siyasi baxımdan hissiyatını itirib. Özünü, sözünü hiss etmir. Vətəndaşını, cəmiyyətini hiss etmir. Nəticədə siyasi meydan bazar meydanına çevrilir. Tərəzi düşüncəli bu hakimiyyət “bazarını” Avropaya da daşıyır. Axı bütün Beynəlxalq Təşkilatlar bunlara görə bazar meydanıdır. Nə qədər acı olsa da bunlara görə siyasi münasibətlər əslində “bazar açmaq” kimi bir şeydir. Daha düşünmürlər ki, əks halda dövlətlər siyasi təşkilat kimi formalaşmazdı ki! Bazar müəssisələri kimi formalaşardı. Bəli, Azərbaycan xalqının rifahı naminə bu hakimiyyətin yapışdığı kürsüdən əlini çəkmək vaxtıdır.
Dediyim kimi, formalaşmış, yeni, təfəkkürlü hakimiyyət VƏTƏNDAŞINI özü seçəcək. Hansı ucalıqda, hansı böyüklükdə görmək istəyiylə! Yəni, Azərbaycan xalqının əyninə biçilmiş bütün “qəfəslər” sındırılacaq. Hələ heç bir Ölkənin dadına yer altı, yer üstü sərvəti çatmayıb. (varsa, daha yaxşı) Ölkələri siyasi kataklizmlərdə düzgün seçim edən sağlam düşüncəli iqtidarlar xilas edir. Bu komandayla hüquqi dillə danışanda bunu özünə təhlükə bilir, axı savadsızdır. Qanunların dərinliyində batmaq təhlükəsini yaşayır.
Üzə bilməyən komandanı ümmana çəkəndə bunu Xalqa, dövlətə qarşı cinayət kimi qəbul edir. Axı siz necə siyasi baxımdan uzun ömürlü ola bilərsiniz? Axı siz hakimiyyətə gələn kimi özünüzü Xalqdan ayırdınız. (hələ bəsitliyinizi demirəm) Varlanmağı, daha çox pul sahibi olmağınızı ağılın göstəricisi bildiniz. Əgər biz ağıllıyıqsa, Azərbaycan xalqı niyə kasıbdır düşüncəsiylə yox, vəzifədəyiksə, niyə kasıb olmalıyıq düşüncəsiylə yaşadınız. Şəxsi xoşbəxtliyinizi axtardınız, çünki, dediyim kimi ümumi xoşbəxtlik barəsində təsəvvürünüz yox idi.
Axı düşüncəniz özünüzün boyuna qədər çatırdı. Özünüzlə Xalq arasında nə qədər çəpər, nə qədər divar hördünüz. Həqiqətdə də Azərbaycan Respublikasının gerçək müstəqilliyi yoxdur, Azadlığı yoxdur. Çünki, Ölkədə Qanun kasadlığı, Qanun qıtlığı var. Məmur tanıyıram bir kasaya ağzının içini icarəyə verər. Mədə-bağırsaq dünyasından qopmaq zamanıdır. Düzdür, Azərbaycan cəmiyyətində bir “utancaqlıq” var. Bu, qorxu deyil. Bunu qorxu hissiylə qarışdırmayın. Çörəyini, suyunu, əmin-amanlığını, Azadlığını nəyinsə “xətrinə”keçə bilir. İqtidar başa düşsün ki, bu “limitindən” kifayət qədər istifadə edib. Xalqın haqqını, hüququnu Xalqın özünə qaytarmağa, siyasi həyatdan getməyə borcludur.