Arannews-“KarabakhTV” özəl mənbələrə istinadla Xankəndində fəaliyyət göstərən “QHT”-lərdən birinin hazırda faktiki olaraq ““DQR” polisinin cinayət islah idarəsinin cinayət-islah müəssisəsi” adlandırılan Şuşa həbsxanası barədə verdiyi hesabatını əldə edib. Hesabatda türmənin Dilqəmlə Şahbazın da saxlanıldığı qapalı rejimli kameraları haqda belə məlumat verilir:
“Qapalı rejim kiçik gəzinti həyətinə, hamam, kitabxana, içərisində soyuducu olan kiçik əmlak anbarı və məhbuslar üçün telefona malikdir. Bu rejimdə gəzinti müddəti 1 saata qədərdir. Kameralara təbii işıq 1 m x 1.20 m ölçülü pəncərədən kifayət miqdarda(?!-S.L.) düşür. Pəncərədən 1,5 metr məsafədə qəzet oxumaq olar. Kameralarda süni işıq 100 və ya 120 vatt gücündəki lampalar vasitəsilə təmin edilir.
Lampalar qapının üzərində- tavanın altında yerləşdirilib və dəmir şəbəkə ilə örtülmüşdür...”
Bundan əlavə məlum olur ki, Şuşa həbsxanasında 3 rejim fəaliyyət göstərir: yarımörtülü, yarımaçıq və qapalı. Müəssisənin ümumi tutumu 350 nəfərdir. Müxtəlif rejimlərdə cəza çəkən məhbuslar bir-birindən ayrılır. İşçi heyəti 25 nəfərdən ibarətdir. Əməkdaşların iş vaxtı - saat 9-dan 18-dəkdir. Növbətçilər sutka boyu dəyişir(1 sutka iş, 2 sutka istirahət). Həbsxana əməkdaşlarından 5-i qadındır...”
Hesabatda o da qeyd edilir ki, Şuşa türməsinin, xüsusilə, qapalı rejim kameralarının xeyli təmirə ehtiyacı var. Döşəmə və tavanlar, su və kanalizasiya boruları, o cümlədən qapalı rejimin hamamının tavanları təmir olunmalıdır.