Tarix : 2018 Jan 14
Kod 54071

Fransada yaşayan blogerin atasını polis saxlayıb

Yanvarın 13-də Fransada yaşayan azərbaycanlı video-bloger Məhəmməd Mirzəlinin atası Fazil Mirzəliyevi polis saxlayıb.

Arannews-Bu barədə Meydan TV-yə Məhəmməd Mirzəli özü məlumat verib.

Bildirib ki, yanvarın 13-də səhər saatlarında ona zəng edib, atasını həbs etdiklərini söyləyiblər:
“Atamla polis maşınında aparılarkən danışdım. Dedi: “Sən nə isə paylaşmısan, ona görədir”. Mən də ən son “ac çaqqalların əlinə düşmüş xalqım”, - başlıqlı karikatura paylaşmışam. Ona görə ola bilər. Deyir, əgər həmin paylaşımlar silinməsə, bacılarımı, anamı, yeznəmi də tutub polisə aparacaqlar. Mən həmin paylaşımları silmək niyyətində deyiləm”.
M.Mirzəli deyir ki, bu, ilk deyil. Daha öncə də atasını, anasını polis saxlayıb:
“2013 və 2016-cı illərdə də belə hal olmuşdu. O zaman da, indi də atamı mənə görə həbs ediblər. Hətta 2016-cı ildə atamla anamı birlikdə həbs etmişdilər. O vaxt “Heydəristan” adlı səhifəm var idi, ona görə edirdilər. İndi də “Made in Azerbaijan” adlı səhifəm var və həmin səhifədəki paylaşımlara görə ailəmə təzyiq edilir”.
Bloger bildirir ki, həmin səhifədə bloger Orduxan Temirxan, siyasi mühacir Tural Sadıqlı ilə canlı yayımlar edir, ölkədəki siyasi proseslərlə bağlı fikirlərini bölüşürlər:
“Bu da, görünür, hökumətin xoşuna gəlmir. Avropada təşkil olunan mitinqlərdə də iştirak edirəm, siyasi fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda Parisdə Azərbaycan səfirliyinin önündə “Siyasi məhbuslara azadlıq”, “Ölkəmi talan etmə” şüarları ilə aksiyası keçirilmişdi. Mən səhifəmdə bu mitinqin görüntülərini də paylaşdım. Ondan sonra atamı yaşadığı Göyçay rayonunda həbs etdilər. Atamı həbs edən İlqar Quliyev adlı şəxsə zəng etdim. Deyir: "Mənim həmin həbsdən xəbərim yoxdur". Ancaq oğlunun profilinə girdim, gördüm ki, atasının maşınının fotosunu paylaşıb. Hansı ki atamı həmin nömrə nişanlı (99 EK 921) avtomobilə mindirib aparıblar. Atamı həbs edib, Bakıya aparıblar. Onun həbsi mənim siyasi, tənqidi çıxışlarımla bağlıdır. Atam narkoman, cinayətkar deyil. 64 yaşı var. Beyin iflici və böyrək çatışmazlığından əziyyət çəkir”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay rayon Polis idarəsi ilə əlaqə saxlayıb. İdarədən bu gün Fazil Mirzəliyev adlı şəxsin saxlanılmadığını bildiriblər.
Daxili İşlər Nazirliyindən isə məlumat almaq mümkün olmayıb.
Bu, xaricdə yaşayan azərbaycanlıların ailələrinə edilən ilk basqı deyil. Daha öncə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, Meydan TV-nin direktoru Emin Millinin, Meydan TV-nin əməkdaşları Günel Mövlud və Camal Əlinin, video-bloger Orduxan Teymurxanın, siyasi mühacir Tural Sadıqlının və digər siyasi və ictimai fəalların ailələrinə də təzyiqlər olub.


  • Yazılıb
  • da (də) 2018 Jan 14
  • Göndərən مدير سايت Aran News