Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin məhkəmə prosesinin vaxtı məlum olub.
Arannews_ Bu haqda Rakurs TV-ə fəalın vəkili Fariz Namazlı məlumat verib. Vəkilin məlumatına görə, ilk məhkəmə iclası Yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Ə. Nuruzadə 2017-ci il oktyabrın 6-da günortaya yaxın öz evinin həyətində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Həmin vaxt onun hüquqlarını müdafiə edən Yalçın İmanov üç gün ərzində onun harada olduğunu öyrənmək üçün polisə və məhkəmələrə müraciət edib. Yalnız oktyabrın 9-da Kürdəxanı İstintaq Təcridxanasında Nuruzadənin həmin gün oraya gətirildiyini və ona 234.4.3-cü maddə ilə ittiham irəli sürüldüyünü, istintaqı DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin apardığını təsdiq ediblər.
MCMBİ əməkdaşları Nuruzadəni iki dəfə saxlayıblar və inzibati həbsə məruz qoyublar.
İlk dəfə o, yanvarın 24-də saxlanılıb, amma vəkilə yalnız ayın 30-da, məhkəmə onu 10 günlük həbs etdikdən sonra xəbər veriblər.
Sentyabrın 19-da Nuruzadə MCMBİ əməkdaşları tərəfindən yenidən saxlanılıb və yenə bu barədə Nərimanov rayon məhkəməsinin onun barəsində 10 günlük həbs qərarı çıxarmasından sonra məlumat veriblər.