Kiyev şəhərinin Apellyasiya Məhkəməsində jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqat yenə təxirə salınıb, bu barədə Amerikanın Səsinə jurnalistin özü bildirib.
Arannews:Rakurs.tv-istinadən xəbər-Hüseynli Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. O, 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.Oktyabrın 18-də Ukraynanın Borispol şəhər məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.
Oktyabrın 27-də Kiyevin Lukyanovski məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatəti təmin etməyib.
Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.
Hüseynlinin sözlərinə görə, hakim bildirib ki, apellyasiya etirazının verildiyi gündən iki ay keçib və o, öz aktuallığını itirib. O, prokurorluğa etirazı geri götürməyi tövsiyə edib.
Prokurorluq israr edərsə, etiraza yanvarın 31-də baxılacaq.